...

Xalq artisti Məlik Dadaşovun xatirəsi yad edilib (FOTO)

Mədəniyyət Materials 9 İyun 2014 20:37 (UTC +04:00)
Bu il görkəmli teatr və kino aktyoru, pedaqoq, xalq artisti Məlik Dadaşovun 90 illik yubileyi qeyd edilir. Yubiley münasibətilə Azərbaycan Dövlət Film Fondunda xatirə gecəsi keçirilib.
Xalq artisti Məlik Dadaşovun xatirəsi yad edilib (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Bu il görkəmli teatr və kino aktyoru, pedaqoq, xalq artisti Məlik Dadaşovun 90 illik yubileyi qeyd edilir. Yubiley münasibətilə Azərbaycan Dövlət Film Fondunda xatirə gecəsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Trend nazirliyə istinadən məlumat verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev aktyorun sənət yolu haqqında fikirlərini bölüşüb, M.Dadaşovun teatr və kino tariximizdə böyük iz qoyduğunu vurğulayıb. Qeyd olunub ki, o, epizodik rolları da, irihəcmli obrazları da eyni həvəs və məharətlə yaradıb. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, kinooperator, əməkdar incəsənət xadimi Kənan Məmmədov, xalq artisti Hacı İsmayılov, əməkdar artist Elxan Qasımov və digər çıxış edənlər aktyorun ömür yolundan, sənət fəaliyyətindən danışıblar.

Tədbirdə aktyorun unudulmaz obrazlar yaratdığı filmlərdən parçalar nümayiş etdirilib. Sonda M.Dadaşovun ailə üzvləri adından xalq artisti Brilliant Dadaşova çıxış edərək yubiley gecəsinin təşkilatçılarına minnətdarlığını bildirib.

İyunun 9-da Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının kollektivi II Fəxri xiyabanda xalq artisti M.Dadaşovun məzarını ziyarət edib. Görkəmli aktyorun xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə əklil qoyulub.

"Azərbaycanfilm" kinostudiyasının direktoru M.Hətəmov sənətkarın milli kino sənətimizə, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Bildirilib ki, M.Dadaşovun böyük aktyor kimi teatr və kinoda, pedaqoq kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrin yetişməsində əvəzsiz rolu olub. Belə korifeylər sənətkarların xatirəsini yad etmək mənəvi borcumuzdur. Kinostudiyanın direktoru aktyorun fitri istedad və peşəkarlığından söz açıb.

Əməkdar artist Ənvər Həsənov və digər çıxış edənlər M.Dadaşovla bağlı xatirələrini bölüşüblər, onun kinoda yaratdığı rolların bu sənətdə ilk addımlarını atan gənclər üçün məktəb olduğu vurğulayıblar.

M.Dadaşov 1924-cü ildə Bakıda dünyaya gəlib. Asəf Zeynallı adına Musiqi Texnikumunda, Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Zaqatala və Şəmkir dram teatrlarında, Gənc Tamaşaçılar Teatrında, Akademik Dram Teatrında aktyor kimi çalışıb, Dövlət Rus Dram Teatrına rəhbərlik edib.

Kinoda 1947-ci ildə "Fətəli xan" filmində debüt edib. "Dəli Kür", "Axırıncı aşırım", "Birisi gün, gecəyarısı", "O dünyadan salam", "Fəryad" və s. filmlərdə yaddaqalan obrazlara ekran həyatı verib.

Görkəmli sənətkar 1996-cı ildə dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti