Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
Macarıstanın Balatonfüred şəhərində oktyabrın 27-dən başlayaraq 3 günlük "Qızıl Payız" Beynəlxalq Musiqi Festivalı keçirilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə 10-dan artıq ölkənin - İsrail, Rusiya, Avstriya, Ukrayna, Macarıstan, Belarus və s. nümayəndələri iştirak ediblər. Ümumilikdə 80 nəfərdən çox musiqiçinin qatıldığı festivalda bəstəkarlar, pianoçular və instrumental ifaçılar arasında müsabiqə keçirilib.
Bəstəkarlar arasında keçirilən müsabiqədə ölkəmizi təmsil edən gənc bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Milli Konservatoriyasının əməkdaşı Tural Məmmədli festivalın Qran-pri mükafatına layiq görülüb. Mükafata layiq görülən "Tünd rənglərin parıltısı" əsərini fortepianoda T.Məmmədli, skripkada isə Məleykə Əhədzadə ifa edib.
Ölkəmizin digər təmsilçisi, pianoçular müsabiqəsində iştirak etmiş Səbinə Mehdiyeva də fəxri kürsünün yüksək pilləsinə qalxıb - birinci yerə layiq görülüb.