...

BUTA Festivalı Azərbaycan müasir incəsənətinin aparıcı rəssamlarını təqdim edir

Mədəniyyət Materials 28 Yanvar 2015 14:33 (UTC +04:00)
Faiq Əhməd və Aida Mahmudovanın əsərləri Fərəh Piriyevanın kuratorluğu ilə Louise Blouin Fondunda təşkil olunmuş “Daxili aləmin araşdırması” adlı sərgidə 28 yanvardan başlayaraq 6 fevrala kimi nümayiş etdiriləcək.
BUTA Festivalı Azərbaycan müasir incəsənətinin 
aparıcı rəssamlarını təqdim edir

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Azərbaycanın mədəni həyatına yeni nəfəs verən təsviri sənət aləminin yeni nəslindən iki rəssam - müasir incəsənət sahəsində ölkənin ən parlaq istedadı sayılan Faiq Əhməd və Aida Mahmudovanın əsərləri Fərəh Piriyevanın kuratorluğu ilə Louise Blouin Fondunda təşkil olunmuş "Daxili aləmin araşdırması" adlı sərgidə 28 yanvardan başlayaraq 6 fevrala kimi nümayiş etdiriləcək. Bu barədə Trend xəbər verir.

"Daxili aləmin araşdırması"

Nə Avropa, nə də Asiya olan Azərbaycan müxtəliflik, zəngin mədəniyyət və təzadlar ölkəsidir. Qədim imperiyaların tarixi qarışığı ilə müasir, inkişaf edən ölkənin bugünü, bir araya gələrək, füsunkar bir mədəni aləm yaradırlar. Bakı isə bir kosmopolit paytaxt şəhəridir və onun müasir incəsənət aləmi sürətlə inkişaf edir: şəhərin hər yerində yeni-yeni qalereyalar açılır, Müasir İncəsənət Muzeyi (MİM), YAY Qalereyası və YARAT Müasir İncəsənət Məkanı kimi sənət ocaqları fəaliyyət göstərirlər.

Gənc azərbaycanlı rəssamlar Aida Mahmudova ilə Faiq Əhmədin yaradıcılığı nə qədər bir-birindən fərqlidirsə, bir o qədər də müəyyən mənada oxşardır: ikisinin də əsərlərindən eyni ruh, eyni araşdırma həvəsi duyulur. Aida Mahmudova 17-metrlik kətan üzərində monumental mənzərə nümayiş etdirir, Faiq Əhmədin instalyasiyaları isə Azərbaycan xalçaları mövzusunda yaradıcı eksperiment təşkil edirlər. Kurator Fərəh Piriyeva belə deyir: "[...] rəssamların ikisi də daxili aləmin tədqiqatını aparır, öz tədqiqatçı həvəsini başqalarıyla paylaşır, ikisi də daxili aləmdə nəyin olduğunu öyrənmək məqsədilə daim axtarışdadırlar".

Faiq Əhməd

Londondakı V&A Muzeyinin dəstəyi ilə iki ildən bir keçirilən Jameel Prize təqdimatının 2013-cü il üzrə namizədlərin son seçim siyahısında olan Faiq Əhməd özünün Azərbaycan xalçaları mövzusunda eksperimental əsərlərini sərgiləyir. Əsrlər boyu Azərbaycanda toxunan xalçaların mürəkkəb naxışları ümumiyyətlə bu diyarın təsviri sənətinin əsasını təşkil edir; hər bir bölgənin özünəməxsus ənənəvi xalçaçılıq dəst-xətti vardır. Bakının ortaçağ məhəlləsi olan İçəri Şəhəri gəzib-dolaşan adam mütləq ənənəvi xalça satan adamlara rast gəlir. Bakıda yaşayan Faiq Əhməd isə, müasir rəssam olaraq, ənənəvi xalçaçılıq janrının qaydalarını dağıdırlar. Onun üçün ənənə - sadəcə, təkan aldığı bir başlanğıc nöqtəsidir.

"Faiq Əhməd Azərbaycanın incəsənət aləminin yeni qvardiyasını təmsil edir" - Charlotte Sinclair, "Onu necə sakitləşdirməli", Financial Times qəzeti yazır.

Faiq Əhməd, xalça naxışlarını lap Dali sayağı əridib kənarlardan daşdırır; onun "Xalça ekvalayzeri" adlı əsəri lap səsyazma studiyasının mikşer masasını xatırladır və ya, sanki, şırnağını yuxarıda duran qaya daşına püskürdən azğın bir neft fontanıdır. Öz əsərində Faiq Əhməd materialı dəyişib: gözoxşayan naxışlar burada yumşaq, isti yun iplər yerinə alüminium üzərində həkk olunublar və onlara əl vurduqda tamamən gözlənilməz bir təəssürat yaranır. Digər əsərləri xalça naxışlarını çox vaxt seyrək və böyüdülmüş hala salaraq, internet nəslinin alışdığı iri piksel görüntüsü kimi təqdim edirlər. Lakin rəssamın özü təkid edir ki, onun hədəfi qədimlə müasiri sakitcə yanaşı qoymaq deyil; o, Azərbaycan xalçaçılığını təşkil edən stereotipləri dağıdır.

"Xalçaları tərtib edərək mən yeni, üçölçülü naxışlar əlavə edirəm, amma keçmişlə müasirliyin hər hansı şəkildə birləşməsi barədə çox düşünmürəm", - deyə o, 2013-ci ildə hazırlanan Jameel Prize video-klipi üçün danışmışdı. - "Məni maraqlandıran ancaq keçmişdir, çünki keçmişimizin ən sabit konsepsiyası elə keçmişin özüdür. Köhnə xalçaya müasir ilmələr qatanda da biz təkcə keçmişin səsini eşidirik."
Faiq Əhməd Jameel Prize mükafatına təqim olunmuş 10 nəfər islam ölkələrinin təmsilçilərindən biridir; onun əsərləri beynəlxalq səyyar sərgiyə də daxil edilmişdilər. O, həmçinin, Azərbaycan ilk dəfə Venesiya Biennalesinə 2007-ci ildə qatılanda ölkəmizi təmsil edən 12 rəssamdan biri olmuşdur.

Aida Mahmudova

Aida Mahmudova Londondakı Central St. Martin's Kollecinin məzunu olaraq, Bakının getdikcə genişlənən müasir incəsənət aləmini hərəkətə gətirən qüvvələrdən biridir. O, doğma şəhərində yerləşən və müasir incəsənət sahəsində qeyri-kommersiya təşkilatı olaraq fəaliyyət göstərən YARAT Müasir İncəsənət Məkanına rəhbərlik edir. YARAT 2011-ci ildən başlayaraq müxtəlif sərgilər təşkil edir və Azərbaycanın ən yaxşı gənc rəssamlarının əsərlərini beynəlxalq miqyasda tamaşaçı qarşısına çıxarmaq yolunda olduqca fəaldır.
Aida Mahmudovanın öz əsərləri də həmişə diqqət mərkəzindədir. Bir çox başqaları kimi, o da Bakının Şərqlə Qərbin kəsişmə yeri olmağına valehdir, əsərlərinin əksəriyyəti isə şəhərin sürətlə yeniləşən mənzərəsi ilə, az qala, tərk edilmiş künc-bucaqları arasındakı ziddiyyəti araşdırmaq həvəsindən xəbər verir. Həmin, az qala, hamının unutduğu künc-bucaqlar haradasa dönəmlər arasında sıxışıb-qalıblar və bundan doğan kədər hissinə sənətkarın yaradıcılığında böyük yer verilir.

2013-cü ildə Sürixdə nümayiş olunmuş "Daxili sakitlik" adlı sərgisi barədə danışaraq, o, demişdi: "Fiziki dünyamız elə yüksək sürətlə dəyişir ki, xatirələrimiz çox vaxt dumanlı olur, yaddaşımızdakı keçmişimiz çox tez unudulur və ya şüuraltı duyğularla əvəzlənir. Buna görə də adamın kimliyi qarışır. Bu cür itirilmiş xatirələr "çatışmayan halqa" kimi bizə təsir göstərirlər."

Aida Mahmudovanın əsərləri Avropanın möhtəşəm sərgi salonlarında nümayiş etdirilib, o cümlədən Romadakı MAXXI Muzeyində, Moskvadakı Multimedia Art Muzeyində və Londondakı Philips de Pury & Company Müasir İncəsənət Mərkəzində.

Louise Blouin Fondu

Louise Blouin Fondu dünyanın hər yerində müasir incəsənətin təbliği üçün çalışır. Fondun Londondakı qalereyası Notting Hill və Shepherd's Bush ərazisinin kənarında yerləşir və 2006-cı ildən bəri sərgilərə ev sahibliyi edərək, dünya sərgiləmə məkanları şəbəkəsinin bir hissəsi olmuşdur. Qalereya əvvəllər sənaye obyekti olmuş bir məkanın innovativ surətdə incəsənət ocağına çevrilməsi nəticəsində qurulmuşdu və buna görə də xeyli təriflər qazanmışdı. Ceyms Turrelin işıq instalyasiyası isə Qalereyanın 80 pəncərəsini hər yandan görünən mədəniyyət mayakına çevirmişdi. Bu obyekt həmçinin Saatchi Qalereyası ilə birgə nəzəri ox təşkil etməklə, yaradıcılıq abı-havasını Şərqi London hüdud larından kənara çıxarır və şəhərin dəbdəbəli şərq tərəfini qərb tərəfinə yaxınlaşdırır.

London BUTA Festivalı

BUTA İncəsənət Festivalında 2014-cü ilin oktyabr ayından başlayaraq 2015-ci ilin noyabr ayına qədər Azərbaycanın qədim xalçaçılıq sənətindən tutmuş ta müasir fotoqrafçılarının yaradıcılığı, caz musiqiçilərinin dəqiq ifası, nadir orkestr əsərləri, adamı ovsunlayan müasir teatr quruluşunda canlı tamaşa həyəcanına kimi hər şey nümayiş etdiriləcək.

Maraqlı musiqi proqramından əlavə, festival çərçivəsində həmçinin olduqca maraqlı müasir incəsənət sərgiləri də yer alacaq. Sərgilər Saatchi Qalereyasında və Louise Blouin Fondunda keçiriləcək, YARAT Müasir İncəsənət Təşkilatı rəssamları isə öz əsərlərini Londonun müxtəlif guşələrində açıq nümayişə çıxaracaqlar.
2015-ci ilin BUTA Festivalı Azərbaycan incəsənəti qarşısında Londona açılan bir pəncərə olaraq, bizdə maraq doğuran ölkəyə nəzər salmaq üçün əla imkandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti