...

"Amaliya Pənahovanın sevgi etirafı"

Mədəniyyət Materials 1 İyul 2015 18:15 (UTC +04:00)
Görkəmli aktrisanın yubiley gecəsi keçiriləcək.
"Amaliya Pənahovanın sevgi etirafı"

Azərbaycan, Bakı, 1 iyul /Trend/

İyulun 3-də saat 19:00-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq artisti, görkəmli teatr və kino xadimi Amaliya Pənahovanın 70 illik yubileyi münasibətilə təntənəli gecə keçiriləcək. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

"Amaliya Pənahovanın sevgi etirafı" adlı yubiley gecəsində video-çarxların müşayiəti ilə aktrisanın yaradıcılığından söhbət açılacaq, sənət dostlarının, vaxtilə səhnədə tərəf-müqabil olduğu insanların ürək sözləri, təbrikləri dinləniləcək. Gecənin yaddaqalan məqamlarından biri də sənətkarın iştirak etdiyi çoxsaylı tamaşalardan parçalar, eləcə də bir sıra səhnə əsərlərində ifa etdiyi mahnılardan ibarət mini konsertin təqdimatı olacaq.

Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu ixtisası üzrə bitirib. 1964-cü ildən bu günədək teatrda, kinoda, televiziya tamaşalarında 300-dən artıq müxtəlif səpkili obraz yaradıb. Böyük istedada malik aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edərək onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün səylərini əsirgəməyib.

A.Pənahova teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə 1974-cü ildə respublikanın əməkdar artisti, 1985-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 1995-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. Sənətşünaslıq elmləri doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti