...

Əbülfəs Qarayev həmkarlarını Bakıya dəvət etdi (FOTO)

Mədəniyyət Materials 3 Avqust 2015 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend/

İtaliyanın Milan şəhərində keçirilən "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

Trend-in Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, konfrans çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyanın mədəni irs, fəaliyyət və turizm naziri Dario Francesçini ilə görüşüb.

Görüş zamanı Azərbaycan və İtaliya arasında mədəni irs və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Ə.Qarayev konfransın əhəmiyyətini xüsusi vurğulayıb və 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu zamanı da bu mövzuların müzakirə ediləcəyini bildirib. Həmçinin D.Francesçini Forumda iştirak etməyə dəvət edib.

Ə.Qarayev YUNESKO-nun baş direktoru İrina Bokova ilə də görüşüb. Görüşdə Azərbaycan-YUNESKO münasibətlərinin əsas istiqamətləri və gələcək perspektivləri müzakirə edilib, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməkdaşlığın inkişafına verdiyi töhfələri və dəstəyinin qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.

Konfrans çərçivəsində bir sıra ölkələrin mədəniyyət nazirləri ilə də görüşlər keçirilib. Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski, Qatarın mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kavari, Bəhreynin mədəniyyət naziri Şaikha Mai Əl Xəlifə, Omanın mədəniyyət naziri Haitham Tarik Taimoor Əl Said, Türkmənistanın mədəniyyət naziri Annageldi Qarajayev, Albaniyanın mədəniyyət naziri Mirela Kumbaro Furxi və Belarusun mədəniyyət nazirinin müavini İrina Driqa ilə keçirilən görüşlər zamanı mədəniyyətin müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşlər zamanı nazir Ə.Qarayev 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə məlumat verərək həmkarlarını tədbirə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti