...

“İçərişəhər” DTMQ İdarəsində 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib (FOTO)

Mədəniyyət Materials 15 Yanvar 2016 10:26 (UTC +04:00)
“İçərişəhər” DTMQ İdarəsində 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir.
“İçərişəhər” DTMQ İdarəsində 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib (FOTO)

Bakı. Trend:

Yanvarın 14-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən (DTMQ) Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev açmışdır. İdarə rəisi 2015-ci ildə İdarənin əsas fəaliyyət istiqamətləri - abidələrin mühafizəsi, "İçərişəhər" və "Qala" Qoruqlarının beynəlxalq standartların tələblərinə uyğun olaraq idarə olunması və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilmiş işlərdən danışmışdır. Qoruqların tarixi-memarlıq görkəminin qorunmasının milli-mədəni irsimizin təbliğindəki önəmini vurğulayan İdarə rəisi bildirmişdir ki, 2015-ci ildə də dünya və ölkə əhəmiyyətli abidələrdə bərpa və konservasiyası işləri və turistlərin cəlb edilməsi İdarənin əsas prioritetləri kimi qalmışdır. Qeyd olunmuşdur ki, İdarə və onun qurumları 2015-ci ildə ölkəmizdə keçirilən I Avropa Oyunları zamanı İçərişəhərdə keçirilən kütləvi tədbirlərin keçirilməsi və çoxsaylı qonaqlara yüksək səviyyədə xidmət göstərməyin öhdəsindən layiqincə gəlmişdir.

İdarə rəisi İdarənin 2015-ci ildəki digər uğurlarından bəhs edərək, may ayında Şotlandiyanın Qlazqo şəhərində Avropanın 21 ölkəsinin nüfuzlu muzeyinin iştirak etdiyi "Avropada ilin muzeyi" müsabiqəsində Qız Qalasının "Muzeyin ictimai əhəmiyyətliyinin artırılması sahəsində əldə etdiyi mühüm nailiyyətlərə görə" nominasiyasında yer almasını, bununla yanaşı "Qız Qalası" abidəsinin və "Şirvanşahlar Sarayı Kompleksinin" məşhur "Tripadvisor" portalının "Certificate of Excellence 2015" ("Mükəmməllik Sertifikatı 2015") mükafatına layiq görülməsini xüsusi vurğulamışdır.

İdarə rəisi bildirmişdir ki, "İçərişəhər" və "Qala" Qoruqlarına hər zaman göstərilən diqqət və qayğı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması sahəsində uğurlu dövlət siyasətinin tərkib bir hissəsidir. Eyni zamanda Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin qorunması və dünyada təşviqində böyük rolu İdarə rəisi tərəfindən xüsusi olaraq qeyd edilmişdir.

İclasda daha sonra İdarənin bir sıra rəhbər şəxsləri hesabatları ilə çıxış edərək müvafiq sahələr üzrə 2015-ci ildə görülmüş işlərdən danışmışlar.

İclasın yekun nitqində İdarə rəisi Samir Nuriyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə ölkəmizdə "Multikulturalizm ili" elan edilən 2016-cı il ərzində İdarə qarşısında duran əsas məqsəd, vəzifələr və hədəflərdən bəhs etmiş, İdarənin qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti