...

Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub (FOTO)

Mədəniyyət Materials 22 Aprel 2016 13:38 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Qəmbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Aprelin 21-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 25 noyabr tarixli Sərəncamına uyğun olaraq tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Trend-in məlumatına görə, məktəbin nəzəriyyə şöbəsinin müəlliməsi, musiqişünas Nabat Əsgərova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Ölməz sənətkarın həyat və yaradıcılığını əks etdirən şəkil və materiallardan ibarət videoçarx nümayiş edilib.

Sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın sevilən, unudulmaz mahnıları səsləndirilib. Həmçinin, Q.Hüseynlinin bəstələdiyi və hər kəs tərəfindən sevildiyi mahnısı olan "Cücələrim" haqqında ətraflı məlumat verilib və video materiallar görüntülənib. Məktəbin I sinif şagirdlərindən ibarət olan xor kollektivi müəllim Zemfira Nurullayevanın rəhbərliyi altında bəstəkarın dünyanın 40-dan çox dilinə tərcümə edilən "Cücələrim" mahnısını ifa edərək tədbirə şən əhval-ruhiyyə bəxş edib.

Konsertdə məktəbin xalq çalğı alətlərindən ibarət kvintet Qəmbər Hüseynlinin "Nə vaxta qaldı", "Ay işığında", "İlk məhəbbət", "Xəndandır bu", "Söz olur", "Mən nə bilim insafsızsan sən yaman", "Lirik rəqs" mahnılarını məharətlə təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti