...

Bakı metrosunda növbəti sərgi keçiriləcək

Mədəniyyət Materials 14 Mart 2018 18:18 (UTC +04:00)
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə Macarıstanın Bakıdakı Səfirliyi birgə sosial layihə gerçəkləşdirəcək.
Bakı metrosunda növbəti sərgi keçiriləcək

Bakı. Samir Əli - Trend:

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə Macarıstanın Bakıdakı səfirliyi birgə sosial layihə gerçəkləşdirəcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, martın 15-də saat 15:00-da Macarıstanın Bakıdakı səfirliyinin təşkilatçılığı və "Bakı Metropoliteni" QSC-nin dəstəyi ilə "Macar şairi Şandor Petöfinin əsərləri" adlı sərginin təqdimatı olacaq.

Təqdimat mərasimi Bakı metropoliteninin "Memar Əcəmi" (Bənövşəyi xətt) stansiyasının vestibülündə keçiriləcək. Sərgidə 1848-1849-cu illərdə Macarıstanda baş vermiş inqilab və macar xalqının azadlıq mübarizəsinin 170-ci ildönümü münasibətilə Şandor Petöfinin ədəbi yaradıcılığı nümayiş olunacaq. Sərginin təşkil olunmasının əsas məqsədi Bakı metropolitenindən istifadə edən sərnişinlərə Macarıstan tarixinin və şairin həyatının həlledici dövrünü təqdim etməkdir.

Təqdimat mərasimində Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət təhlükəsizlik siyasəti və beynəlxalq əlaqələr üzrə katibi İştvan Mikola, Macarıstanın Bakıdakı səfiri səlahiyyətli səfiri və "Bakı Metropoliteni" QSC-nin əməkdaşları iştirak edəcəklər.

Qeyd edək ki, Şandor Petöfi 170 il əvvəl - 1848-ci il martın 15-də başlamış inqilabın liderlərindən biri olub. O, azadlıq uğrunda mübarizə apararaq döyüş meydanında həlak olub.

Şandor Petöfinin həyatının və yaradıcılığının müxtəlif məhsuldar dövrlərini və onun azadlıq arzularını əks etdirən seçilmiş 12 əsəri Azərbaycan dilinə tərcümə edilərək sərgidə yer alıb.

Bundan başqa, Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət edən 3 qatarın vaqonlarında Şandor Petöfi poeziyasından iki nümunə 2 həftə ərzində nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti