...

Gənc Tamaşaçılar Teatrı məktəblilər üçün bayram şənliklərinə hazırlaşır

Mədəniyyət Materials 14 Mart 2018 22:51 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novruz bayramı şənliklərinə hazırlaşır.
Gənc Tamaşaçılar Teatrı məktəblilər üçün bayram şənliklərinə hazırlaşır

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novruz bayramı şənliklərinə hazırlaşır.

Teatrdan Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də Novruz bayramı və məktəblilərin yaz tətili günlərində teatr uşaqları maraqlı və mövzu baxımından rəngarəng tamaşalarla sevindirəcək. Bir neçə gündən sonra ölkəmizə yeniliklər fəsli olan Bahar gələcək. Baharın ilk günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının məktəbli dostlarına təqdim edəcəyi maraqlı səhnə əsərləri balaca tamaşaçılarımıza əsl bayram əhval ruhiyyəsi bəxş edəcək.

Bayram günləri ərəfəsində teatrda iki premyera, martın 16-da və 17-də saat 12:00, 14:00 və 16:00-da H.X.Andersenin “Qar kraliçası” və martın 18 və 19-da eyni saatlarda E.Uspenskinin “Çeburaşka” əsərləri əsasında hazırlanan tamaşaların ilk təqdimatı reallaşacaq. Daha sonrakı günlərdə isə məktəblilər teatrın repertuarında olan sevilən səhnə əsərlərinə baxmaq imkanı qazanacaqlar. 21-25 mart tarixlərində saat 12:00, 14:00 və 16:00 olmaqla gündə üç seans olmaqla Ş.Perro “Çəkməli pişik”, Xalq nağılı “Qoğalın sərgüzəştləri”, A.Şaiq “Danışan gəlincik”, C.Rodari “Çippolino”, ərəb xalq nağılı “Əlibaba və qırx quldur” tamaşalarını izləyə biləcəklər.

Tamaşalardan əvvəl Novruz bayramının məşhur personajları Keçəl və Kosa səhnəyə çıxaraq uşaqları təbrik edəcək, Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq. Bayramı maraqlı keçirmək istəyən hər kəsi Dövlət Gənc Tamaşaçılar Teatrına və bayram tamaşalarımıza dəvət edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti