...

Bakıda Yay Jazz Günləri keçiriləcək

Mədəniyyət Materials 18 Aprel 2018 21:27 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində yeni Bakı Yay Jazz Günləri (“ Baku Summer Jazz Days”) layihəsi təqdim olunacaq.
Bakıda Yay Jazz Günləri keçiriləcək

Bakı. Trend:

İyun ayının 4-dən 8-dək Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Premier Art Management şirkəti tərəfindən təşkil edilən yeni Bakı Yay Jazz Günləri (“ Baku Summer Jazz Days”) layihəsi təqdim olunacaq.

Bu barədə Trend-ə mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir: "Bu tədbir bir ənənəyə çevriləcək və hər il ilk yay ayının birinci yarısında keçiriləcəkdir. Bakı öz qonaqpərvərliyi, memarlığı və tarixi-mədəni irsi ilə ildən ilə turistlər üçün daha da cazibədar bir şəhərə çevrilir. Şübhəsiz ki, yayda keçiriləcək olan caz konsertləri ölkənin turizm potensialının inkişafında rol oynayacaqdır. Qeyd edək ki, Bakı Yay Jazz Günlərinə xarici səfirliklər tərəfindən böyük maraq göstərilir. Layihənin iştirakçısı olan ölkələr– Türkiyə, İsrail, Macarıstan, Fransa- layihənin bizim ölkəmizdə də keçirilməsi üçün dəstək göstərirlər”.

Bakı Yay Jazz Günlərində müxtəlif ölkələrdən olan, fərqli caz üslubunda ifa edən musiqiçilərin verəcəyi beş konsert nəzərdə tutulub.

4 iyun tarixində caz dünyasında ən məşhur trumpeter Avishai Cohen öz kvarteti ilə birlikdə çıxış edəcəkdir. Cohen öz fərdi üslubu ilə tanınan, əfsanəvi Miles Davis irsini ozünə məxsus üslubda ifa edən musiqiçi kimi tanınır.

5 İyun tarixində iki konsert keçiriləcək. Birinci konsert zamanı Türkiyədən olan ifaçılar Focan & Bıyıkoglu Organic Expeditions caz layihəsini təqdim edəcəkdir. Kvartet artıq Bakıda tanınan və keçən il konsert verən məşhur gitaraçı Onder Focan, parlaq gənc saksofonçu Anil Shalliel və ilk dəfə konsert verəcək olan pianoçu-virtuoz və hammond ifaçısı Kaan Bıyıkoğludan ibarətdir.

Gecənin ikinci konserti - beynəlxalq caz layihəsi və eyni zamanda uğurlu əməkdaşlığın göstəricisi olan Azərbaycan pianoçu Elçin Şirinov və Andras Des (percussion), Marton Fenyvesi (electric &acoustic guitar), Matyas Szandai (Double bass) triosunun ifası olacaqdır. Bu layihə dəfələrlə beynəlxalq festivallarda nümayiş olunmuş, albomu buraxılmış və nəhayət, onun premyerası Bakıda keçiriləcəkdir.

"Lenny Kravitz yubkada" kimi tanınan Amerikalı funk bass gitaraçı və müğənni Nik West öz ansamblı ilə birlikdə iyun ayının 7-si çıxış edəcəkdir. Onun performansı özü kimi enerji dolu və rəngarəngdir.

8 iyun tarixində izləyicilərimizi Fransanın tanınmış musiqiçiləri ilə unudulmaz bir görüş gözləyir - bu Jacky Terrasson (Piano) və Stephane Belmondo (Trumpet) duetinin yeni TERRAMONDO (Mother) layihəsidir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti