...

“Kreativ Azərbaycan: yaradıcı məhsulların “Azexport.az” portalı vasitəsilə ixrac imkanları” mövzusunda təqdimat keçirilib (FOTO)

Mədəniyyət Materials 10 Oktyabr 2019 18:59 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Kreativ Azərbaycan: yaradıcı məhsulların “Azexport.az” portalı vasitəsilə ixrac imkanları” mövzusunda təqdimat keçirilib.
“Kreativ Azərbaycan: yaradıcı məhsulların “Azexport.az” portalı vasitəsilə ixrac imkanları” mövzusunda təqdimat keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Kreativ Azərbaycan: yaradıcı məhsulların “Azexport.az” portalı vasitəsilə ixrac imkanları” mövzusunda təqdimat keçirilib.

Trend-in məlumatına görə, tədbir Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunub.

Layihənin PR meneceri Zənurə Talıbova təqdimatın məqsədi haqqında məlumat verib. Bildirilib ki, “Azexport.az” portalının Azərbaycanın yaradıcı məhsullarının xarici bazarlara beynəlxalq elektron ticarət platformaları vasitəsilə ixrac imkanlarının genişləndirilməsinin növbəti mərhələsi başlanır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Sərəncamı ilə yaradılan və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan “Azexport.az” portalının missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın firmalaşdırılmasıdır. Fəaliyyəti dövründə portala 150-dək ölkədən 1 milyard 300 milyon manatdan artıq ixrac sifarişi daxil olub. Bu sifarişlər əsasən ərzaq məhsulları, kənd təsərrüfatı və sənaye məhsullarıdır. Azərbaycanda mədəni və kreativ məhsullar olan rəssamlıq, sənətkarlıq, musiqi, film, nəşriyyat və digər növ məhsulların da dünya bazarlarına çıxışı üçün əlverişli imkanları nəzərə alıb portalın bu sahə üzrə sahibkarlıq fəaliyyəti göstərən potensial ixracatçılarla yenidən təqdimatı təşkil olunub.

Mərasimdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir. YMS-lər iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya sahələrini birləşdirən sənaye növüdür. Beynəlxalq kateqoriya və təsnifatlandırmaya əsasən YMS-lər musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalardan ibarətdir.

Qeyd olunub ki, YMS-lərin inkişafına dair qlobal kontekstdə müxtəlif araşdırmalar aparılıb. Ən son təfsilatlı analiz BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) təşkilatının 2002-2015-ci illər üzrə Yaradıcı İqtisadiyyata Baxış sənədidir. Bu sənədə əsasən, YMS-lər dünya üzrə araşdırma aparılan illər ərzində orta hesabla illik 7,3%-lik artım göstəriblər. Bununla yanaşı, qeyd edilən illər ərzində YMS-lərin məhsul və xidmətləri üzrə dünya ixracı iki dəfədən çox artıb. Belə ki, 2002-ci ildə bu göstərici 208 milyard dollar olduğu halda, 2015-ci ildə artaraq 509 milyard dollar olub. Ümumilikdə UNESKO təşkilatı, Böyük Britaniya və digər qabaqcıl ölkələrin hesablamalarına görə, YMS-lər iqtisadiyyatın ənənəvi sahələrindən 2 dəfə daha sürətlə inkişaf edir və daha az sərmayə tələb edir. Ümumiyyətlə, YSM-lərin sürətlə inkişafı həm rəqəmsallaşmanın, sosial şəbəkələrin və internetin inkişafı ilə, həm də bu sahəyə dövlətlərin diqqətinin artması və əlavə sərmayələrin yatırılması ilə əlaqələndirilir. Son illər ərzində müxtəlif dövlətlər YMS-lərin iqtisadi potensialını görərək bu sahənin inkişafı üzrə strateji sənədlər qəbul edib.

Azərbaycanda Yaradıcı və Mədəniyyət Sənayeləri ənənəvi olaraq müxtəlif formalarda mövcuddur. Bura həm qədim sənətkarlıq növləri, həm dərin musiqi ənənələri, həm də ədəbiyyat, film, rəssamlıq, foto və digər sahələr daxildir. Azərbaycan xalqı yaradıcı və inkişafa meyilli xalq olduğundan, YMS-lər həmişə ictimai həyatda mərkəzi rol oynayıb.

V.Qasımlı qeyd edib ki, ölkəmizdə YMS sahələrinin inkişafı üzrə uzunmüddətli strateji planlaşdırmanın və inkişaf proseslərinin effektiv koordinasiyasının təmin edilməsi üçün “Yaradıcı Sənayelərinin İnkişafına dair Strategiya”nın hazırlanması yaxşı olar. Hazırlanacaq bu sənəd və sənədin əsasında aparılacaq praktiki fəaliyyət yaradıcı məhsulların artmasına, ixracın şaxələndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına, kölgə iqtisadiyyatının payının azaldılmasına, gənclər arasında işsizliyin azaldılmasına, dövlətlə cəmiyyət arasında daha sıx əməkdaşlığa və digər geniş milli məqsədlərə töhfə verə bilər.

Qonşu ölkələrdə yaradıcı sənayenin inkişafı ilə bağlı strategiyanın mərhələlərindən söz açan icraçı direktor diqqətə çatdırdı ki, YMS-lərin inkişafı təhsildə müasir yeniliklərin tətbiqinə, regionlarda iqtisadi inkişafa, təşkilatlararası və özəl sektor ilə əməkdaşlığın gücləndirilməsinə gətirib çıxaracaq. Bu sahədə yaradılan iş yerləri digər istehsalat sahələri ilə müqayisədə rəqəmsallaşmaya daha dözümlüdür, çünki insan intellekti ilə sıx bağlıdır.

Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxışında “Azexport.az” portalı ilə əməkdaşlığın Azərbaycanın yaradıcı və mədəniyyət sənayelərində məhsul və xidmətlərin istehsalını həyata keçirən aparıcı subyektlərin – özəl şirkətlərin, fərdi sahibkarların və müəlliflərin də marağında olduğunu bildirdi. Vurğuladı ki, burada yaradıcı məhsul insan faktoruna bağlanır. İnsan bacarıqlarının iqtisadi potensiala çevrilərək ondan bəhrələnmək günün əsas aktual məsələlərindən biridir. Yaxın vaxtlarda bu sahədə vahid baza formalaşdırılacaq və aparılan işlərə təkan verəcək. V.Eyvazzadə diqqətə çatdırdı ki, bu gün ölkəmiz daha çox iki brendi ilə - “Bakı Prosesi” və “ASAN Xidmət”lə tanınır: “Növbəti 10 illik üçün “Bakı Prosesi”nin yeni bir istiqamətini müəyyən etdik. Bu da insan inkişafı ilə bağlı istiqamətdir. Sözügedən sənaye sahəsi məhz insan inkişafı və insan şüuru ilə ciddi bağlılığı olan sahədir. Burada çox vacib məqamlardan biri də iqtisadiyyatın müəyyən sahələrində resursların tükənməsidir. Yaradıcı sənaye insan şüurunun məhsulu olduğu üçün burada tükənmə deyil, daim yenilənmədən söhbət gedir”.

Şöbə müdiri çıxışının sonunda Mədəniyyət naziri Əbülfəs Qarayevin adından “Azexport.az” portalının fəaliyyətinə uğurlar arzulayıb.

Portalın rəhbəri Zaur Qardaşov layihənin imkanlarına dair təqdimatla çıxış edib. Bildirib ki, inkişaf etmiş ölkələrdə kreativ məhsulların iqtisadiyyata verdiyi töhfə ÜDM-in 4-6 faizini təşkil edir: “Azərbaycanın bu sahədə mövcud potensialını nəzərə alsaq, perspektivdə bu sektor ölkəyə ən azı 1-1,5 milyard dollar əlavə gəlir gətirə bilər. Bu məqsədlə kreativ məhsulların xarici bazarlarda təşviqi məqsədilə “Azexport.az” portalı sınaqdan keçmiş modelini və mövcud imkanlarını təklif edir. Məlum olduğu kimi, artıq digər sənaye və kənd təsərrüfatı məhsullarının ixracında fəaliyyətimiz uğurlu olub, bunları nəzərə alaraq yaradıcı sahədə də Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına dəstək olmaq istərdik. Bunun üçün bu sahədə ixtisaslaşan “Etsy”, “Kickstarter” və “Amazon Kindle onlayn portalları və “Sothebys” auksion evi ilə əməkdaşlıq qurulacaq”.

Portalın rəhbəri vurğuladı ki, “Azexport.az” bu il ərzində “Amazon” onlayn platformasında elektron kitabların satışı istiqamətində uğura nail olub. Belə ki, ümumilikdə “Azexport.az” və “Amazon” portallarında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Fundamentals of İnclusive Development Management” adlı elektron kitabının üç ay ərzində 300-dən artıq nüsxəsi satılıb. Növbəti mərhələdə dizayn həlləri, əl işləri, milli suvenirlər, əsərlər, şeirlər, rəsmlər, kreativ video oyunlar, musiqilər, bəstəkarlıq və potensial ixrac imkanı olan digər yaradıcılıq məhsullarının “Etsy”, “Apple” “Music”, “Itunes”, “Google Play”, “Kickstarter”, “Sothebys” və “Amazon Kindle” kimi platformalara yerləşdirilməsi nəzərdə tutulub.

Akademik Urxan Ələkbərov çıxış edərək saytla birgə əməkdaşlığa görə təşəkkürünü bildirib. Vurğulayıb ki, bu kitab Azərbaycanda inklüziv inkişafa həsr olunan yeganə dərslikdir. Azərbaycan dünya üzrə inklüziv inkişaf dövriyyəsinə görə qabaqcıl yerlərdən birini tutur.

Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova dəb sahəsinin iqtisadiyyata təsiri və bu sahəyə verilə biləcək töhfələrlə bağlı fikirlərini bölüşüb. Portalın işinə uğurlar arzulayaraq yaradıcı sahənin müasir tələblərə uyğun inkişafının əhəmiyyətini vurğulayıb.

Tədbirdə həmçinin satılan elektron kitabların rəmzi ödəniş qəbzi təqdim edilib və “Azexport.az” portalının fəaliyyəti, eləcə də portalın “İxrac səbəti”nə ulduz səfirlərin öz məhsullarını təqdim etməsi ilə bağlı videoçarx nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti