...

“Qafqaz Albaniyası: tarix, din və memarlıq” adlı beynəlxalq elmi konfrans keçirilib (FOTO)

Mədəniyyət Materials 26 May 2021 17:50 (UTC +04:00)

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi AMEA Tarix İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə 2021-ci il mayın 26-da “Qafqaz Albaniyası: tarix, din və memarlıq” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans keçirliib. Beynəlxalq konfransda 9 ölkəni – Almaniya, Norveş, Fransa, İtaliya, Türkiyə, Rusiya, Litva, Gürcüstan və Azərbaycanı təmsil edən araşdırmaçı alimlər iştirak edib. AMEA-nın Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun moderatorluğu ilə keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, beynəlxalq konfransda Azərbaycan Respublikası Dini Qurumlaral İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan və BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirilməsi, mövcud olan 60-dan çox məscid, 200-ə yaxın ziyarətgahın dağıdılması və ya təhqir predmetinə çevrilməsi, eləcə də alban xristian məbədlərinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması və ya dağıdılması, Xocavənd rayonu ərazisindəki pravoslav kilsəsinin ermənilər tərəfindən talan edilməsi faktına diqqət yetirib. M. Qurbanlı bütün bu cinayətkar əməlləri ilə ermənilərin “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərini kobud surətdə pozmasını qeyd edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan araşdırmaçılar tərəfindən Qafqaz Albaniyasının tarixinin tədqiq edilməsi çox yaxşı haldır, bu qədim ölkənin tarixinin saxtalaşdırılmasının qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bu sahədə xarici və ölkəmizin alim və tədqiqatlarımızın əməkdaşlığının artırılmasına da böyük ehtiyac vardır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bütün xarici və yerli mütəxəssislərə cağırış edərək bildirir ki, Qafqaz Albaniyasının tarixinin araşdırılması barədə fəaliyyətin layihələndirilməsini və bu sahədə müxtəlif yardımların göstərilməsini dəstəkləməyə hazırıq.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək qeyd edib ki, hələ sovetlər dönəmində Qafqaz Albaniyasının tarixinin araşdırılmasına qonşularımız tərəfindən, yumşaq desək, qısqanclıq var idi. Onların bu ərazilərə iddiaları o zamanlardan mövcud idi. Ermənilər tərəfindən son 30 il ərzində isə bu ərazilərdə təkcə alban-xristian abidələri deyil, həm də islam abidələri də saxtalaşdırılıb və ya talan edilərək məhv edilib. UNESCO və digər müvafiq beynəlxalq qurumların tarixi abidələrin təhrif edilərək dəyişdirilməsi və talan edilməsi faktına diqqəti cəlb edilməlidir. Ona görə ki, dağıdılan, saxtalaşdırılan tarixi abidələr təkcə bizim deyil, həm də bəşəriyyətin maddi-mənəvi irsidir.

Sonra beynəlxalq elmi konfrans iki panel formatında fəaliyyətini davam etdirib. Konfransda xarici alimlərdən Höte adına Frankfurt Universitetinin Empirik Dilçilik İnstitutunun müqayisəli dilçilik üzrə professor, dilçi, yazıçı Jost Gippert (Almaniya) “Qafqaz Albanlarının ayinləri: Sinay Palimpsestlərindən yeni baxış”, Oslo Universitetinin professoru filologiya elmləri doktoru Byorn Vegge (Norveç) “Qafqaz Albaniyasının Apostol kilsəsinin tarixinə nəzər”, Qafqaz Dilləri və Filologiyası Tədqiqat Mərkəzinin direktoru, professor Jil Utye (Fransa) “Udin-Alban dili ilə qohum dillər arasındakı fərqlər və oxşarlıqlar”, İvan Cavaxişvili adına Tiflis Universitetinin Dilçilik İnstitutunun tədqiqatçısı, filologiya elmləri doktoru, professor Roman Lolua (Gürcüstan) “Moisey Xorenlinin mənşəyi problemi və Qafqaz-Alban yazıları”, memar, Trento Universitetinin müəllimi, (İtaliya) Paolo Zammatteo “Sərhədlərin kənarında. Xudavəng monastırının (Kəlbəcər) bədii və mədəni perspektivi”, İtaliyanın Merano şəhərində Nikolayevski pravoslav prixodunun baş keşişi, Kilsə tarixi üzrə elmlər doktoru (Pontificio Istituto Orientale/Papa Şərq İnstitutu) İqumen Aleksiy (Nikonorov) “VI əsrdə alban kilsəsi yeparxiyası” mövzuları ilə çıxış edib.
Azərbaycanı isə konfransda AMEA Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov (“Albanşünaslığın tarixi: xronoloji-problem təhlili”), Tarix İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova (“Qarabağ - qədim Azərbaycan torpağıdır”), Alban-Udin Xristian İcmasının sədri Robert Mobili (“Alban-Udin dini icması Azərbaycanda alban-xristian kilsəsinin varislərindən biri kimi”), AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva (“Azərbaycanın Tərtər bölgəsinin alban tarixi və mədəni iris”), Azərbaycan Dövlət İqtisad Universitetinin Multikulturalizm Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva (“Müqəddəs Yeliseyin Qafqaz Albaniyasındakı son dayanacağı: Zərqun Vadisi (miflər və həqiqətlər))” və ölkənin elmi mərkəzlərində çalışan alimlər təmsil edərək çıxış ediblər.

Elmi konfransın keçirilməsində məqsəd Qafqaz Albaniyası haqqında həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılmasına töhvə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti