Bakı. Trend:
22 oktyabr 2021-ci il tarixində Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənəti ənənələrinin qorunub saxlanılması, yeni inkişaf mərhələsinə yüksəldilməsində görkəmli xalçaçı-rəssam Kamil Əliyevin xidmətləri nəzərə alınaraq, Prezident İlham Əliyev Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Ömrünü xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmiş Kamil Əliyev yaradıcılığının, fəaliyətinin əsas hissəsini məhz “Azərxalça” birliyi təşkil edib.
Görkəmli sənətkar hələ gənc yaşlarında, 1930-cu illərdə Bakı rəssamlıq məktəbində oxuyarkən "Azərxalça" birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışmışdır.
Ömrünü xalçaçılıq sənətinin qədim, zəngin ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə həsr etmiş böyük rəssam Kamil Əliyev 1995-ci ildən ömrünün sonunadək “Azərxalça” Elm-İstehsalat Birliyinin baş direktoru olmuşdur.
19 oktyabrda görkəmli rəssamın 100 illik yubileyi doğma “Azərxalça” ASC-də də qeyd olundu. Tədbirdə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov, uzun illər Kamil Əliyevlə birlikdə çalışmış, “Azərxalça” birliyində xalçaçılıq sahəsində böyük əmək sərf etmiş, “Azərxalça” ASC-nin istehsalat direktoru Əlisəfa Nuriyev, rəssamın həm qızı, həm də sənət yoldaşı Nərminə Əliyeva, “Zəfər” kolleksiyası müsabiqəsinin gənc dizaynerləri və digər qonaqlar da iştirak edib. Tədbir zamanı Əlisəfa Nuriyev gənclərə və tədbir iştirakçılarına Kamil Əliyev yaradıcılığı haqqında geniş məlumat verib, onunla bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, onun uzun illər rəhbəri olduğu “Azərxalça” Elm-İstehsalat Birliyinin kollektivi qədim kökləri olan xalq sənətini bu gün də uğurla yaşadıb inkişaf etdirir. Nərminə Əliyeva həm atası, həm də görkəmli xalq sənətkar kimi Kamil Əliyev haqqında xatirələrini gənclər və digər tədbir iştirakçıları ilə bölüşüb.
Sonda bir daha qeyd olunub ki, Kamil Əliyevin çeşniləri əsasında toxunmuş xalçalar süjet və ornament rəngarəngliyi ilə səciyyələnir, əsrlər boyu Azərbaycanda formalaşmış xalçaçılıq məktəblərinin xüsusiyyətlərini vahid kompozisiya ətrafında birləşdirir. Kamil ƏliyevAzərbaycan tarixinin xalı sənətini dünya miqyasında tanıdan, onu təbliğ edən böyük bir mütəxəssislərindən biridir.