...

Milli İncəsənət Muzeyində Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi (FOTO)

Mədəniyyət Materials 12 Fevral 2026 22:20 (UTC +04:00)
Milli İncəsənət Muzeyində Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli İncəsənət Muzeyində muzeyin və Yasamal rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə xalq yazıçısı, əməkdar jurnalist, publisist və ictimai-siyasi xadim, dövlət ordenləri və beynəlxalq mükafatlar laureatı Elmira Axundovanın yaradıcılıq gecəsi təşkil olunub.

Trend Life-ın məlumatına görə, “Muzeydə mühazirə” formatında nəzərdə tutulan iki saatlıq tədbir canlı və maraqlı interaktiv təqdimata çevrilib.

Ədəbi qiraətlər, xatirələr, yazıçının yaradıcılıq yolu haqqında söhbətlər auditoriya ilə dialoq şəraitində aparılıb, gənc istedadların musiqi nömrələri isə Ulu Öndər Heydər Əliyevin sevdiyi bəstələrlə üzvi şəkildə təqdim olunub.

Gecənin aparıcısı tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova olub. O, Elmira Axundovanın uzunillik və məhsuldar fəaliyyətindən bəhs edərək bildirib ki, yazıçının bioqrafik araşdırmaları və publisistikası ilə tanınan əsərlərində Ümummilli Lider Heydər Əliyev və onun həyat yoldaşı, görkəmli alim Zərifə Əliyeva, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, xalq yazıçıları İmran Qasımov, İsmayıl Şıxlı, Mirzə İbrahimov, Natiq Rəsulzadə və Anar, şair-jurnalist Tahir Aslanlı, dünya şöhrətli yazıçı Olcas Süleymenov, fotomüxbir, əməkdar mədəniyyət işçisi Fərid Xayrulin, KVN komandasının kapitanı Anar Məmmədxanlı, dünyada ilk və ən böyük Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə Salahova və digər tanınmış şəxslər yer alır. Onun fəaliyyətində Azərbaycan klassiklərinin və müasir müəlliflərin əsərlərinin rus dilinə bədii tərcümələri də xüsusi əhəmiyyət daşıyır.

Elmira Axundovanın genişmiqyaslı tədqiqat və kitablarında əsas fiqur daim Ulu Öndər Heydər Əliyev olub. Yazıçı onunla şəxsi ünsiyyətdə olduğunu, xarici səfərlərdə müşayiət etdiyini və dövlətçilik naminə fədakar fəaliyyətinin şahidi olduğunu vurğulayıb. Heydər Əliyevə həsr olunan fundamental nəşrlər silsiləsi tarixi şəxsiyyətin böyüklüyünü, daxili dünyasının zənginliyini və yüksək mənəvi keyfiyyətlərini əks etdirir.

Tədbirdə fəxri qonaqlar – xalq yazıçısı Natiq Rəsulzadə, xalq artisti Aleksandra Nikuşina və digər ziyalılar çıxış edərək Elmira Axundovanın müasir ədəbiyyat və publisistikanın inkişafına verdiyi töhfələrdən danışıblar. Gecə çərçivəsində yazıçının yaradıcılığına həsr olunmuş videoçarx və şəxsi arxivi əsasında hazırlanmış virtual fotoalbom nümayiş etdirilib.

Tədbirin sonunda Elmira Axundova iştirakçılara öz kitablarını hədiyyə edib.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.

Xəbər lenti

Xəbər lenti