Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası davam edir. Bu gün "Cəngi" idman klubunda idmançılar və onların valideyinlərinin iştirakı ilə görüşlər keçirilib.
Görüşdə çıxış edən Fuad Muradov qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən gənclərimizin sağlam inkişafı üçün idmanın bütün sahələrinə diqqət ayrılır. "Bu gün Azərbaycanda keçirilən mötəbər idman yarışları sübut edir ki, ölkəmiz bu sahədə dünya səviyyəsində tanınır və qəbul olunur. Həmçinin əsas məqsədlərimizdən biri də sağlam gəncliyimizin eyni zamanda vətənpərvərlik ruhunda yetişməsidir."
"Cəngi" idman klubunun rəhbəri Hicran Şərifov qeyd edib ki, idmana sahəsinə göstərilən diqqətin nəticəsidir ki, Azərbaycan bu sahədə çox böyük uğurlara imza atıb. Fuad Muradov da uzun illər gənclərin inkişafı üçün xidmətlər göstərib. Odur ki, Xətai rayonunda yaşayan idmançılarımız, gənclərimiz onun yenidən gəncləri Milli Məclisdə təmsil etməsini istəyirlər.
İdmançılar adından çıxış edənlər Fuad Murdovun səsləndirdiyi fikirlərlə həmrəy olduqlarını ifadə ediblər. Bildirilib ki, Qarabağın azad edilməsi bütün Azərbaycan xalqının, xüsusən də gənclərin ən böyük istəyidir və bu istiqamətdə dövlətimizin atacağı hər bir addım dəstəklənir.