...

MSK: Parlament seçkilərində 5 milyondan çox insanın səs verməsi üçün hər cür şərait yaradılıb

Seçki 2015 Materials 31 Oktyabr 2015 15:53 (UTC +04:00)
Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində 5 milyondan artıq insanın səs verməsi üçün hər cür şərait yaradılıb.
MSK: Parlament seçkilərində 5 milyondan çox insanın səs verməsi üçün hər cür şərait yaradılıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində 5 milyondan artıq insanın səs verməsi üçün hər cür şərait yaradılıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün MSK-da keçirilən mətbuat konfransında deyib.

O, qeyd edib ki, seçkilərə hazırlıq təqvim planına uyğun olaraq aparılıb: "Bütün işlər nəzərdə tutulmuş vaxtda həyata keçirilib. Sabah 5 milyondan artıq insanın səs verməsi üçün hər cür şərait yaradılıb".

M.Pənahov bildirib ki, 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb: "Təqribən hər bir məntəqəyə 6 namizəd düşür. Dairələrdə ən çox 12, ən az 3 namizəd var. Seçicilər üçün geniş seçim imkanı var".

MSK sədri deyib ki, seçkilərdə 15 siyasi partiya birbaşa, 7 partiya isə "Azadlıq-2015" seçki bloku çərçivəsində iştirak edəcək: "Bu həm vətəndaşların, həm də siyasi partiyaların seçkilərə olan yüksək marağının göstəricisidir".

O vurğulayıb ki, 1000-ə qədər seçki məntəqəsində veb-kameralar quraşdırılıb: "Seçkiləri internet vasitəsilə izləmək üçün hər cür şərait yaradılıb. Dünyanın istənilən yerindən seçkiləri müşahidə etmək mümkündür".

M.Pənahov əlavə edib ki, müşahidəçilərin də sayı kifayət qədər çoxdur: "Ümumilikdə 66 mindən artıq müşahidəçi qeydiyyatdan keçib. Təxminən hər bir məntəqəyə 11 nəfərdən çox müşahidəçi düşür. Müşahidəçilər üçün bütün məntəqələrdə hər cür şərait yaradılıb. Onlar üçün oturacaqlar quraşdırılıb. 40 beynəlxalq nüfuzlu təşkilatdan 503 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Müşahidəçilər dünyanın bir çox ölkələrini təmsil edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti