...

AMEA: Quşçu vulkanının daha güclü püskürmə ehtimalı var

Gündəm Materials 5 Fevral 2018 17:17 (UTC +04:00)
Şamaxı rayonunun Quşçu palçıq vulkanı seysmik cəhətdən aktiv zonada yerləşdiyindən onun gələcəkdə daha güclü püskürməsi ehtimalı var.
AMEA: Quşçu vulkanının daha güclü püskürmə ehtimalı var

Bakı. İlhamə İsabalayeva - Trend:

Şamaxı rayonunun Quşçu palçıq vulkanı seysmik cəhətdən aktiv zonada yerləşdiyindən onun gələcəkdə daha güclü püskürməsi ehtimalı var.

Trend-in məlumatına görə, bu nəticəyə AMEA Coğrafiya İnstitutunun əməkdaşları - coğrafiya üzrə fəlsəfə doktoru Elxan Məmmədbəyovun coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılovla birgə Şamaxı rayonunun Quşçu palçıq vulkanı ilə bağlı apardığı araşdırma nəticəsində gəlinib.

E.Məmmədbəyov bildirib ki, Quşçu palçıq vulkanı Şamaxı şəhərindən 20 km cənubda Ləngəbiz silsiləsi üzərində eyni adlı kənddən 150-200 metr şimal-şərqdə yerləşir.

Qeyd olunub ki, Quşçu vulkanı son 100 ildə bir neçə dəfə güclü püskürməyə məruz qalıb:

"Elmi mənbələrin araşdırılması göstərib ki, palçıq vulkanının bizə məlum olan ilk püskürməsi 1913-cü ildə, sonuncu isə bu il yanvarın 16-da baş verib. 1992 və 2008-ci illərdəki püskürmə yeraltı gurultu və yanar qazla müşahidə olunub. Yerli sakinlərin məlumatına görə, bu illərdəki püskürmə zamanı alov sütununun hündürlüyü 150-200 m-ə qədər qalxıb. Sonuncu püskürmə gecə saat 01 radələrində baş verib, güclü yeraltı gurultu ilə müşahidə olunub, kraterdə qaz alovlanıb. Kənd sakinləri vulkan püskürməsi zamanı lavanın 10 m-ə qədər havaya qalxdığını müşahidə ediblər. Tədqiqat zamanı müəyyən olunub ki, lavanın uzunluğu 150-200 m olmaqla 30-35 sm qalınlığa malikdir".

E.Məmmədbəyovun sözlərinə görə, çöl tədqiqatı zamanı müəyyən olunub ki, 100 ildə dəfələrlə vulkan püskürməsi nəticəsində təbii torpaq örtüyünü basdırılmış vəziyyətə gətirib. Bunun nəticəsi olaraq palçıq vulkanı ətrafında tamamilə fərqli bitki örtüyünə malik landşaftlar formalaşıb. Yuyulma nəticəsində ətraf ərazilərə yayılmış kimyəvi elementlər torpaqların məhsuldarlığına ciddi təsir göstərib. Vulkanın lava sərhədləri yaxınlığında istər əkin sahələrində, istərsə də vulkana yaxın həyətyanı sahələrdə kənd təsərrüfatı bitkilərində məhsuldarlıq çox aşağıdır.

Tədqiqatçı alim əlavə edib ki, vulkanın püskürmə materiallarında yüksək dərəcədə konsentrasiya olunmuş mikroelementlər və ağır metallar ev heyvanlarının orqanizminə, nəticədə isə insan orqanizminə daxil olur. Bu elementlər yol verilə bilən ekoloji normanı keçdikdə bir sıra ciddi xəstəliklərin yaranmasına səbəb olur. Müşahidələr və araşdırmalar nəticəsində məlum olub ki, bor, molibden və stronsium vulkan materiallarının ifrat dərəcədə bitki və suya keçməsi heyvanlarda bir sıra endemik xəstəliklər yaradır.

E.Məmmədbəyov qeyd edib ki, seysmik proseslər palçıq vulkanlarının püskürməsində mühüm rol oynayır:

"Tədqiq olunan palçıq vulkanı da seysmik cəhətdən aktiv zonada yerləşdiyindən gələcəkdə də bu vulkanın daha güclü püskürməsi ehtimalı var. Bütün bunlar nəzərə alınaraq Quşçu kənd ictimaiyyəti ilə görüş zamanı kəndin yaxınlığında olan palçıq vulkanının yarada biləcəyi təhlükə və risklər barədə sakinlərlə maarifləndirmə işi aparılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti