...

Bakı Marafonunun paralimpiyaçı qalibi: "Bu qələbəmlə bəzi insanlara deyirəm ki, ruhdan düşməsinlər"

Gündəm Materials 13 May 2018 12:27 (UTC +04:00)
"Bu qələbəmlə bəzi insanlara deyirəm ki, ruhdan düşməsinlər".
Bakı Marafonunun paralimpiyaçı qalibi: "Bu qələbəmlə bəzi insanlara deyirəm ki, ruhdan düşməsinlər"

Bakı. Vüqar İmanov - Trend:

"Bu qələbəmlə bəzi insanlara deyirəm ki, ruhdan düşməsinlər".

Bunu Trend-ə "Bakı Marafonu 2018"-də paralimpiyaçılar arasında qalib gələn Mehman Ramazanzadə deyib.

M.Ramazanzadə marafonda ilk dəfə iştirak etdiyini bildirib: "Mən marafonçu deyiləm, amma özümü sınamağa qərar verdim. Gördüyünüz kimi, "küləyə qalib gəldim".

O, finişə çatacağını gözləmədiyini qeyd edib: "Bu qalibiyyətlə ruhdan düşmüş insanlara çox şey demək olar. Qoy paralimpiyaçılara baxıb ruhlansınlar, həyat eşqləri sönməsin".

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.

Marafonun qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bununla yanaşı, 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək.

“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti