...

DTX-nin Mədəniyyət Mərkəzində Daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri təşkil edilib (FOTO)

Gündəm Materials 6 İyun 2018 18:31 (UTC +04:00)
DTX-nin Mədəniyyət Mərkəzində Daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri təşkil edilib.
DTX-nin Mədəniyyət Mərkəzində Daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri təşkil edilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan silsilə tədbirlərin təşkili davam etdirilir.

Trend-in məlumatına görə, bu tədbirlər çərçivəsində iyunun 6-da Azərbaycan dövlətinin uşaqlara diqqət və qayğısının bariz nümunəsi olaraq Daun sindromlu uşaqlar üçün musiqili-əyləncəli xeyriyyə tədbiri keçirilib.

Tədbirdə Daun sindromlu şəxslərin cəmiyyətə daha yaxından inteqrasiyasının təmin edilməsi ilə bağlı dövlətimizin bu sahəyə göstərdiyi hərtərəfli qayğıdan danışılıb. Xüsusi vurğulanıb ki, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. Daun sindromlu şəxslər onlara yaradılan şərait və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və daim onları yada salan, problemləri ilə maraqlanan Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Əməkdar Artist Cabir İmanov, Həyat Fondunun rəhbəri Hacı Nuran Hüseynov xeyriyyə tədbirinin dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətə növbəti töhfə olduğunu qeyd ediblər. Bildirilib ki, Daun sindromlu uşaqlar cəmiyyətdən kənarda olmadıqlarını daim hiss etməli və bu işdə onlara hamılıqla dəstək verilməlidir. DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən bu cür xeyriyyə aksiyalarının davamlı olacağı diqqətə çatdırılıb.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova belə uşaqlara göstərilən dövlət qayğısından, həyata keçirilən müxtəlif layihələrin əhəmiyyətindən danışıb və tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.

Tədbirə dövlətin uşaq məsələləri ilə bağlı siyasətinin həyata keçirilməsində fəal iştirak edən QHT-lərin, eləcə də ictimaiyyətin nümayəndələri, çoxlu sayda azyaşlılar, o cümlədən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağının sakinləri olan uşaqlar da qatılıblar.

Tədbirin bədii hissəsi konsert proqramı ilə davam edib. Bədii hissədə DTX-nin Mədəniyyət Mərkəzinin və digər yaradıcı kollektivlərin yüksək səviyyədə hazırladıqları konsertdə Xalq Artisti Faiq Ağayevin, tanınmış incəsənət ustalarının, o cümlədən populyar müğənnilər Azad Şabanovun, Günay İbrahimlinin, həmçinin istedadlı balaca ifaçıların çıxışları iştirakçılar tərəfindən coşqu ilə qarşılanıb. Şən klounların çıxışları, hind rəqsi, rəssam uşaqların fləşmobu tədbirə xoş ovqat bəxş edib.

Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti