Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün “Azərbaycan parlamentarizmi tarixi” kitabının təqdimatı keçirilib.
Trend-in məlumatına görə, təqdimatda parlament rəhbərliyi, millət vəkilləri iştirak edib.
Milli Məclis sədrinin müavini Bahar Muradova ilk öncə başa çatmaqda olan 2018-ci ilin əlamətdar il olduğunu bildirib.
Qeyd edib ki, 2018-ci il ölkə Prezidenti İlham Əliyevin tarixi Sərəncamı ilə “Cümhuriyyət İli” elan edilib və ötən bir il ərzində də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı müxtəlif və yüksək səviyyəli tədbirlər keçirilib.
Onun sözlərinə görə, bu sırada ilk növbədə bu ilin mayın 27-də AXC-nin 100 illiyi və sentyabr ayının 21-də Azərbaycan Parlamentinin bir əsrlik tarixi ilə bağlı keçirilən möhtəşəm tədbirlər gəlir.
B.Muradova bildirib ki, sentyabrın 21-də ölkə Prezidentinin iştirakı ilə MM-də Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş xüsusi və təntənəli iclas keçirilib. Sədr müavini eyni zamanda, ötən dövrdə Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı geniş tərtibatlı kitabın (bircildliyin) hazırlanmasına başlanıldığını və onun bir il yarım ərzində ərsəyə gətirildiyini diqqətə çatdırıb.
Vitse-spikerin sözlərinə görə, kitabın hazırlanması işi millət vəkili, tanınmış tarixçi Musa Qasımlıya həvalə olunub və qısa müddət ərzində məlum kitab hazırlanaraq ərsəyə gətirilib: “İnanıram ki, bu kitab hər bir millət vəkilinin stolüstü kitabı olacaq, eyni zamanda, gələcək elmi-tarixi tədqiqatlar üçün gözəl bir mənbə rolunu oynayacaq”.
MM-in Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli də bugünkü təqdimatı tarixi hadisə adlandırıb və bildirib ki, bu, AXC, Azərbaycan Parlamenti tarixinə ən gözəl hədiyyələrdən biridir.