...

Orduya dəstək yürüşündə qapıları qıraraq Milli Məclisə daxil olan 15 nəfər ev dustaqlığına buraxılıb

Gündəm Materials 7 Dekabr 2020 17:06 (UTC +04:00)
Orduya dəstək yürüşündə qapıları qıraraq Milli Məclisə daxil olan 15 nəfər ev dustaqlığına buraxılıb

Bakı. Samir Əli - Trend:

Səbail rayon məhkəməsində iyulun 14-də Bakıda keçirilən aksiyada təqsirləndirilərək həbs edilən 15 nəfərin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə dövlət ittihamçısının vəsatətinə baxılıb.

Trend-in məlumatına görə, keçirilən prosesdə vəsatət təmin edilib və təqsirləndirilən şəxslərdən AXCP fəalları Ramid Nağıyev, Gündüz Mirzəyev və daha bir neçə nəfərin cəzası ev dustaqlığına dəyişdirilib.

Qeyd edək ki, aksiya zamanı saxlanıaln daha 21 nəfər də cari ilin 16 noyabr tarixində ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verməkdə, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olmaqda və polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndiriliblər.

Həbs olunan şəxslərə Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.

AXCP üzvləri Fuad Qəhrəmanlı və Məmməd İbrahimin barəsində isə əlavə olaraq Cinayət Məcəlləsinin 278.1-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddəsi ilə ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti