...

Ombudsman təsisatı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Gündəm Materials 19 Fevral 2021 21:19 (UTC +04:00)
Ombudsman təsisatı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov arasında videokonfrans formatında görüş keçirilib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisinin İnsan Hüquqları üzrə Milli Müşaviri Kamran Bağırov və Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı da görüşdə iştirak ediblər.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, videokonfransda Ombudsman təsisatı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında üç illik əməkdaşlıq planı üzrə müxtəlif istiqamətlərdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Müvəkkil Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə birgə əməkdaşlıqda ötən müddət ərzində həyata keçirilən tədbirlər, o cümlədən paytaxtda və regionlarda aztəminatlı ailələrə yönəlmiş pulsuz hüquqi yardımın təşkili, vəkillərin, hüquqşünas tələbələrin, QHT nümayəndələrinin iştirakı ilə insan hüquqları ilə bağlı müxtəlif mövzularda təlimlərin keçirilməsi barədə geniş məlumat verərək, bunun insan hüquqlarının müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.

S. Əliyeva Ermənistanın Azərbaycana qarşı məlum son təcavüzü nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu, beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan mülki şəxslərin və obyektlərin atəşə tutulduğunu, nəticədə dinc sakinlər arasında çox sayda tələfat və yaralanma hallarının baş verdiyini, mülki evlərin, tarixi və mədəni abidələrin, inzibati binaların, təhsil müəssisələrinin, uşaq bağçalarının, xəstəxanaların və sosial obyektlərin dağıdıldığını qeyd edib. Ombudsman, həmçinin ermənilər tərəfindən işğaldan azad olunmuş ərazilərdə çoxsaylı minaların basdırıldığını, günahsız dinc sakinlərin minalara düşərək həlak olduğunu, müharibədən zərər çəkmiş əhalinin psixoloji sarsıntılar keçirdiyini diqqətə çatdırıb.

Eyni zamanda, müharibədən əziyyət çəkən şəxslərdə post-travmatik stres pozuntularının qarşısını almaq məqsədilə Ombudsmanın təşəbbüsü ilə həyata keçirilən psixoloji yardım layihəsinə BMT tərəfindən lazımi dəstək göstərilməsi təklif olunub.

Görüşdə ali təhsil müəssisələrinin bakalavriat və magistratura pilləsində insan hüquqlarına dair təlim proqramlarının, Ombudsman tərəfindən Azərbaycanın milli insan hüquqları institutu qismində BMT-nin müqavilə qurumlarına təqdim olunan paralel hesabatların hazırlanması prosesində birgə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti