...

DGK yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə namizədlərin qeydiyyatı aparılıb

Gündəm Materials 2 Sentyabr 2021 17:05 (UTC +04:00)
DGK yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə namizədlərin qeydiyyatı aparılıb

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 23.07.2021-ci il tarixdən 23.08.2021-ci il tarixədək namizədlərin qeydiyyatı həyata keçirilib.

DGK-dən Trend-ə bildirilib ki, İctimai Şuraya namizədliyi irəli sürülmüş vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 23 nəfərin namizədliyi qeydə alınmışdır. Namizədlərin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://customs.gov.az/modules/pdf/pdffolder/108/FILE_B9AB9D-A9D620-40DB4F-C20D43-55213D-4BFA41.pdf

Xatırladırıq ki, Seçki Komissiyasının qərarı ilə Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlərinin sayı 13 nəfər müəyyən edilmişdir.

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda 21.09.2021-ci il tarixdə saat 09:00-dan 16:00-dək Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində (Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küç, 4a) gizli səsvermə yolu ilə seçiləcəkdir.

Birgə yığıncaqda təmsilçisinin iştirak etməsinə maraq göstərən vətəndaş cəmiyyəti institutları seçkidə seçici qismində iştirak edəcək nümayəndə barədə zəruri məlumatları göstərməklə, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasına müraciət etməlidir.

Seçicilərə dair tələblər

· İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;

· İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu bir təmsilçisinin namizədliyini irəli sürməlidir;

· Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.

Seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. seçicinin qeydiyyata alınması üçün müraciət (soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə telefonu göstərilməklə);

2. seçicinin şəxsiyyət vəsiqəsinin surəti;

3. seçicinin vətəndaş cəmiyyəti institutuna üzvlüyünü təsdiq edən sənədin surəti;

4. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.

Sənədlərin qəbulu və baxılması

Seçicilərin qeydiyyatı məsələsinə Seçki komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər 11.09.2021-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Namizədliyi qeydə alınmış şəxsləri, onların nümayəndələrini, eləcə də maraqlı olan KİV təmsilçilərini seçki gününə bir gün qalanadək, Dövlət Gömrük Komitəsinə şəxsən və ya [email protected] elektron poçtu vasitəsilə məlumat verməklə seçki prosesini izləməyə dəvət edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti