...

Anım Günü ilə əlaqədar İtaliyada məscid və kilsələrdə mərasimlər təşkil edilib (FOTO)

Gündəm Materials 28 Sentyabr 2021 09:45 (UTC +04:00)
Anım Günü ilə əlaqədar İtaliyada məscid və kilsələrdə mərasimlər təşkil edilib (FOTO)

Bakı. Trend:

Roma şəhərində yerləşən İtaliya İslam Mədəniyyət Mərkəzi-Roma Böyük Məscidində, “Santa Maria della Mercede” kilsəsində, habelə Katania şəhərində yerləşən “San Camillo dei Mercedari” kilsəsində Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi anılıb.

Trend xəbər verir ki, Anım Günü ilə əlaqədar keçirilən tədbirlərdə İtaliyada akkreditə olunan diplomatik korpusun, yerli hakimiyyət orqanlarının, akademik, dini çevrələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Roma Böyük Məscidində keçirilmiş tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri, 30 il ərzində Azərbaycan torpaqlarını hərbi işğal altında saxladığı, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, Xocalı soyqırımını törətdiyi, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirdiyi barədə danışıb. Münaqişə dövründə 4 min azərbaycanlının itkin düşdüyünü, 3 min azərbaycanlının Ermənistanın yerləşdirdiyi minaların qurbanı olduğunu bildirib.

Tədbirdə Roma Böyük Məscidinin imamı Ala Eldin əl-Ghobaşinin imamlığı ilə şəhidlərimizin ruhuna dualar oxunub və namaz qılınıb.

Romanın “Santa Maria della Mercede” kilsəsində keçirilmiş anım mərasimində kilsənin keşişi Don Cuzeppe Çelanonun iştirakı ilə Azərbaycan şəhidlərinin xatirəsinə dua mərasimi - messa keçirilib.

Diplomat Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü ilə üzləşdiyini və bu təcavüz nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, 1 milyondan çox azərbaycanlının öz evindən didərgin düşdüyünü və 30 ilə yaxın müddət ərzində ölkəmizin böyük ədalətsizliklə üz-üzə qalmaq məcburiyyətində olduğunu deyib.

Anım tədbirinin sonunda orqan ifaçısı Culio Luççiolo, skripka ifaçısı Klaudio Kasarano və soprano Karmela Maffonçellinin təqdimatında şəhidlərimizin xatirəsinə dünya klassiklərindən seçilmiş əsərlər ifa olunub.

Kataniya şəhərinin “San Camillo dei Mercedari” kilsəsində keçirilmiş anım mərasimi də kilsənin keşişi Don Canni Romeonun Azərbaycan şəhidlərinin xatirəsinə dua mərasimi - messa ilə başlayıb. Messadan sonra anım mərasimində çıxış edən Azərbaycanın Kataniya şəhərində fəxri konsulu Domeniko Koko Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlamış münaqişənin çoxsaylı insan faciələrinə səbəb olması, on minlərlə azərbaycanlının qətlə yetiriləsi, 1 milyondan çox azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salınması barədə danışıb. Fəxri konsul Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycan şəhərlərinə ağır artilleriya və qadağan olunmuş silahlarla hücumlarının çoxsaylı mülki şəxslərin qətlinə və yaralanmasına səbəb olduğunu, müharibənin bitməsinə baxmayaraq, işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində yerləşdirdiyi minaların hələ də çoxsaylı günahsız insan tələfatına səbəb olduğunu deyib. Ötən ilin payızında 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın öz ərazi bütövlüyünü təmin edərək ədaləti bərpa etdiyini söyləyən D.Koko bugünkü Anım Gününün 30 illik münaqişədə həyatını itirmiş bütün azərbaycanlıların xatirəsinin yad edilməsi üçün əhəmiyyətli olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti