...

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub (FOTO)

Gündəm Materials 20 Oktyabr 2021 17:58 (UTC +04:00)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində müxtəlif ərəb ölkələrində fəaliyyət göstərən azərbaycanlı icması ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açıb. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Komitə əməkdaşlarının mütəmadi olaraq xarici ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirdiyini vurğulayan sədr soydaşlarımızı 18 Oktyabr –Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan parlaq və şanlı Zəfərin birinci ildönümü münasibətilə də təbriklərini çatdırıb və həmin dönəmdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik və fədakar fəaliyyətə görə diaspor nümayəndələrinə minnətdarlığını bildirib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə və elektron resurslarına həsr edilmiş videoçarxlar nümayiş olunub.

Daha sonra Dubay şəhərində Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib.

Toplantıda ərəb ölkələrində yaşayan və işləyən nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər. Çıxış edənlər diasporun təşkilatlanmasının əhəmiyyəti və bu sahədəki problemlərdən, ölkəmizlə bağlı məlumatların dünya mediasında işıqlandırılmasının vacibliyindən söz açıb, Qarabağda qazandığımız Qələbənin hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaratdığını bildiriblər.
Müzakirələrin nəticəsi olaraq Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi barədə qərar qəbul olunub. Şuranın yol xəritəsi hazırlanıb, gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, soydaşlarımızın təklifləri dinlənilib. Koordinasiya Şurasının Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Misir, Qətər, Oman və Səudiyyə Ərəbistanı üzrə əlaqələndiriciləri seçilib.

Qeyd edək ki, hazırda 33 ölkəni əhatə edən 14 Koordinasiya Şurası fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti