...

Yeniyetmə qəza törədərsə, kim və necə cəzalanır?

Gündəm Materials 6 Dekabr 2021 11:24 (UTC +04:00)
Yeniyetmə qəza törədərsə, kim və necə cəzalanır?

Bakı. Fərid Zöhrabov - Trend:

Dekabrın 5-də Gəncədə sükan arxasına əyləşən 11-ci sinif şagirdinin törətdiyi qəza onun və daha bir yeniyetmənin həyatına son qoydu. Müşahidələr göstərir ki, son zamanlar ölkədə yeniyetmələrin törətdiyi qəzaların sayı artıb.

Bu cür qəzalarda məsuliyyətə kim cəlb olunmalıdır? Bununla bağlı Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov danışıb.

Ekspert bildirib ki, sürücülük vəsiqəsi olmayan yeniyetmə avtomobil qəzası törədərsə, həmin şəxs bu cinayət və inzibati xətalar məcəlləsi ilə məsuliyyətə cəlb oluna bilər:

"Qəza törədənin məsuliyyətə cəlb olunması üçün 16 yaşı tamam olmalıdır. Yeniyetməlik yaşına çatmaması yüngülləşdirici hal kimi nəzərə alınır. Cinayət əməlidirsə, Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunur. (263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, eləcə də bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur.)

Əgər inzibati cəzaya cəlb olunubsa, 332-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) maddə ilə məsuliyyətə cəlb olunur."

Ə.Hüseynov bildirib ki, qəza törədən yeniyetmə dünyasını dəyişibsə, cinayət məsuliyyəti də istisna olunur. Əgər həmin avtomobilin sahibi bilə-bilə avtomobili yeniyetmənin idarəsinə veribsə, həmin şəxs də inzibati məsuliyyətə cəlb edilir. Avtomobili verən şəxs İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsi ilə məsuliyyətə cəlb olunur.

Belə hadisə olduqda həm də mülki məsuliyyət də yaranır. Yəni vurulmuş maddi ziyanı qarşılamaq, kimsə dünyasını dəyişibsə, xəsarət alıbsa, həmin adama və ya adamlara kompensasiya ödənilir. Belə hallarda kompensasiya ödənişini avtomobil sahibi ödəməlidir.

Əgər hadisəni törədənin yaşı 16-dan aşağıdırsa, həmin şəxsi cinayət və inzibati məsuliyyətə cəlb etmək olmur. Azyaşlı barəsində materiallar yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaya göndərilir. Həmin uşaq və onun valideyni barəsində tədbir görülür.

Qeyd edək ki, dekabr ayının 5-də Gəncədə ağır qəza olub. 11-ci sinif şagirdi, 16 yaşlı Əlizadə Numan piyada, 13 yaşlı Nazlı İbrahimovanı vurub.

Bundan sonra “Mercedes”in idarəetməsini itirən N.Əlizadə maşını yol kənarındakı ağaca çırpıb.

Nəticədə piyada və sürücü ölüb, 17 yaşlı Elcan Əliyev, 18 yaşlı Cavid Kazımov və 17 yaşlı Bayramov İlkin xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti