Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihama görə, Maqsud Mahmudov müxtəlif şəxslərin etibarından sui-istifadə edərək külli miqdarda dələduzluqda, tarixi-mədəni irs hesab olunan əşyaları talamaqda və sosial şəbəkə vasitəsilə incəsənət xadimləri barəsində rüsvayedici məlumatlar yaymaqda təqsirli bilinib.
M.Mahmudova verilmiş ilk epizod Mədinə İsrafilova ilə birgə işlətdikləri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən lombarda qoyulmuş qızıl-zinət əşyalarının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı olub. İkinci epizod üzrə Maqsud Mahmudov xüsusi və tarixi əhəmiyyətli hesab olunan əşyaları ələ keçirməkdə təqsirli bilinib. İttihama görə, təqsirləndirilən şəxs Mədəniyyət Nazirliyi tərəfindən tarixi-mədəni əşya kimi tanınmış 19-cu əsrə aid olan üzərində 3-cü Aleksandrın şəkli həkk olunmuş qızıl sikkələri aldatma yolu ilə ələ keçirib. Mədəniyyət Nazirliyi tərəfindən tarixi-mədəni əşya kimi tanınmış həmin sikkələr 97 min manata qiymətləndirilib.
Bundan başqa, Maqsud Mahmudov 19-cu əsrdə Rusiya İmperiyasında istehsal olunmuş tarixi və bədii əhəmiyyəti olan "həyat ağacı" adlanan qızıl əşyanı etibardan istifadə edərək ələ keçirib.
İttihamın üçüncü epizodu isə təqsirləndirilən şəxsin
Azərbaycanın incəsənət xadimlərini şantaj etməsi ilə bağlıdır.
Maqsud Mahmudov Ukraynada olan müddətdə "YouTube" kanalında
incəsənət xadimləri Afət Fərmanqızı (Həsənova) və Vasif
Məhərrəmlinin ünvanına qeyri-etik ifadələr işlədib. Belə ki, Maqsud
Mahmudov müğənni Vasif Məhərrəmli ilə sosial şəbəkə vasitəsilə
əlaqə saxlayaraq onun özündən yaşca böyük qadınla əlaqədə olduğu
barədə məlumatı olduğunu deyərək ondan 1000 manat pul tələb edib.
V.Məhərrəmli həmin pulu Səbail rayonu ərazisində bir nəfər
vasitəsilə ona çatdırıb.
Bundan başqa, Maqsud Mahmudov müğənni Afət Fərmanqızını da eyni cür
şantaj edib. O, Afət Fərmanqızı ilə danışaraq onun intim
görüntüləri ilə təhdid edərək 1000 manat pul istəyib. Sonradan
A.Fərmanqızı pulu vermədiyi üçün M.Mahmudov "YouTube" kanalında
müğənni barəsində rüsvayedici məlumatlar yayıb.
Məhkəməyə sədrlik edən hakim bildirib ki, verilmiş ittihamlar təsdiqini taparsa, təqsirləndirilən şəxs 20 ilə kimi azadlıqdan məhrum oluna bilər.
İttiham aktına münasibət bildirən Maqsud Maqsudov verilmiş ittihamla özünü təqsirli bilməyib.
Məhkəmə zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib.
Zərərçəkmiş Kamilə Əliyeva ifadəsində bildirib ki, 2016-cı ildə
əməliyyatla bağlı ona pul lazım olub. Buna görə özünəməxsus
qızılları yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən
lombarda verərək 600 manatlıq qızıla görə 350 manat pul
götürüb:
"Sonradan mənə məlumat verdilər ki, lombard bağlanıb. Dedilər ki,
qızılları götürüb qaçıblar. Üstündən bir neçə gün keçdikdən sonra
həmin lombarddan mənə zəng etdilər ki, gəl qızılları götür. Mən də
pulu ödəyib qızılları götürdüm".
Zərərçəkmiş şəxs Maqsud Mahmudovdan şikayət və tələbi olmadığını
qeyd edib.
Digər zərərçəkmiş Firudin Bağırov isə ifadəsində Maqsud Mahmudovla
uzaq qohum olduğunu deyib. Zərərçəkmişin sözlərinə görə Maqsud
Mahmudova 45 min manat pul verib: "Maqsud yalan danışmır, amma
dilində də düz yoxdur. Mənə üzük verdi ki, anasından qalıb.
Dediyinə görə 130 min manat qiyməti var. Mən də inanıb ona 45 min
manat pul tapıb verdim. Sonradan Maqsuddan hissə-hissə pul alıb 45
min götürdüyüm şəxsə verirdim. 28 min manatını verəndən sonra dedi
ki, daha verə bilmirəm, get pul aldığın adama de məhkəməyə versin.
Bugünkü gündə də həmin 45 min manata görə mənim 3 milyonluq
obyektlərim girovdadır. Mən uzun illər rus, çeçen, inquş milləti
ilə işlədim, aldanmadım gəldim öz elimdə-obamda bu adam məni
aldatdı".
Növbəti proses fevralın 17-nə təyin edilib.
Qeyd edək ki, M. Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.