...

Kəlbəcərdə hərbçilərimiz üçün “Yaşa, doğma Azərbaycan!” adlı konsert təşkil olunub (FOTO)

Gündəm Materials 31 Avqust 2022 18:05 (UTC +04:00)
Kəlbəcərdə hərbçilərimiz üçün “Yaşa, doğma Azərbaycan!” adlı konsert təşkil olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İşğaldan azad edilməsini otuz ilə yaxın müddətdə səbirsizliklə gözlədiyimiz doğma Qarabağda həyat canlanır. Hər bir azərbaycanlı üçün əziz olan bu torpaqlara bərpa və yenidənqurma işləri ilə yanaşı, mədəni həyat da qayıdır, müxtəlif tədbirlər, konsertlər keçirilir. Belə tədbirlərdən biri avqustun 31-də Vətənin keşiyində dayanan hərbçilərimiz üçün Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissədə təşkil olunan konsert proqramıdır.

Trend xəbər verir ki, “Yaşa, doğma Azərbaycan!” adlı konsert proqramında tanınmış azərbaycanlı müğənnilər Xalq artisti Emin, eləcə də Ellai, Bahh Tee & Türkan, Jony, Rauf & Faiq, gənc müğənni Cəmilə Həşimova və “The Excellent Music Band” qrupu bir-birindən maraqlı ifaları ilə hərbçilərimizə xoş anlar bəxş ediblər.

Konsertin açılışında gənc müğənni Cəmilə Həşimova “The Excellent Music Band” qrupunun müşayiəti ilə “Reyhan”, “Bu gün hər şey yaxşı olacaq” və “Sənsiz” mahnılarını ifa edib.

Sonra səhnəyə çıxan tanınmış müğənnilər Bahh Tee & Türkan “Şirin yalan sözlər”, “Кто я без тебя”, “Принцев не существует”, “Нужен”, Ellai “Yar-yar”, “В любви нет чужих”, “Я не перестану”, Rauf & Faiq “Вечера”, “Я люблю тебя”, “Детство”, “Колыбельная”, JONY “Love you're voice”, “Аллея”, “Ты беспощадна”, “Комета”, Xalq artisti Emin “Я лучше всех живу”, “Сбежим в Баку”, “Boomerang”, “Yaşa, doğma Azərbaycan!” mahnılarını oxuyublar. Konsert gənc müğənni Cəmilə Həşimovanın ifasında “Simpy the best”, “В этом городе” mahnıları ilə yekunlaşıb.

Azərbaycanın cənnət məkanı adlandırılan Kəlbəcərdə Vətənə, bayrağa, dövlətə, xalqa sonsuz sədaqətini nümayiş etdirən qəhrəman əsgər və zabitlərimiz konsert proqramı zamanı təqdim olunan rəngarəng musiqi nömrələrini alqışlarla qarşılayıblar.

Konsertdə jurnalistlərə müsahibə verən Xalq artisti Emin deyib: “Bizə işğaldan azad olunmuş ərazilərdə konsert vermək sevincini yaşatdığı üçün Azərbaycan Ordusuna təşəkkür edirəm. Burada – Kəlbəcərdə əsgər və zabitlərimizin qarşısında çıxış etmək olduqca qürurverici hissdir. Bu gün biz burada çıxış edirik. Çünki bu torpaqlar artıq azad olunub. Prezident, Müzəffər Ali Bas Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu igidlik göstərdi və ərazilərimizi işğaldan azad etdi”.

Emin Kəlbəcərdən sonra işğaldan azad olunmuş digər ərazilərimizdə də konsert proqramı ilə çıxış edəcəklərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti