Bakı. Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, akim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Faiq Abdullayev ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslə 2004-cü ildə dostu Daşqın vasitəsilə tanış olub: "Rusiyada və Çində bizneslə məşğul olurdum. Hər il Bakıda həm ailəmə, həm də dostlarıma baş çəkirdim. Məsciddə namaz qılanda dostum məni Aqillə tanış etdi. O, mənim bizneslə məşğul olduğumu bildi. Aqil mənə sakitcə bildirdi ki, o, "12-ci imam Mehdi"dir. Bildirdi ki, bu barədə heç kimə deməyim. Həmin anda sevincimin həddi-hüdudu yox idi. Bundan sonra xaricdəki biznesimi yoluna qoyub Azərbaycanda yeni iş qurmağa gəldim. Çünki bunu Aqil məsləhət görmüşdü".
F.Abdullayevin sözlərinə görə, paytaxtın Bakıxanov qəsəbəsində çoxmənzilli binaların tikintisi ilə məşğil olub: "Aqil mənə dedi ki, həmin mənzilləri Daşqının adına keçirim. Çünki bu işlərdən xeyir görməyəcəyimi qeyd etdi. Mən də onun sözünü yerə salmayaraq mənzilləri Daşqının adına keçirdim. Buna görə mənə ümumilikdə 326 min 500 manat ziyan dəydi. Mən Qurani-kərimi kifayət qədər yaxşı bilirəm. Buna görə də Aqliə hər ay 200 manat zəkat verirdim. Zəkat verməyimdə məqsəd günahlarımın onun vasitəsilə bağışlanılması idi. Hətta evimi 55 min manata satıb Aqilə verdim. O da 50 min manatı özünə götürüb 5 min manatı mənə qaytardı".
A.Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını söyləyib. Təqsirləndirilən şəxs qeyd edib ki, əksinə, zərərçəkmişin özü ona borcludur: "Gəlib mənə dedi ki, ev tikirəm, yarımçıq qalıb köməyinə ehtiyacım var. Məndən 240 min manat pul istədi. Mən də həmin pulu ona verdim".
Məhkəmənin növbəti iclası dekabrın 27-nə təyin edilib.
Qeyd edək ki, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.
İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.
Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.