Şuşa. Trend:
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası dördüncü gündür ki, davam edir.
Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu dəqiqələrdə Şuşa-Xankəndi yolunda növbəti dəfə Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə şərait yaradılıb.
Belə ki, saat 20:35-də əvvəlcədən razılaşdırılmış qaydada aksiya iştirakçıları tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus 2 ədəd "KAMAZ" markalı yük maşını və 2 ədəd "UAZ Patriot" markalı minik avtomobilinin Laçından Xankəndi istiqamətinə, 1 ədəd "Tigr" markalı zirehli avtomobilin isə əks istiqamətdə hərəkətinə şərait yaradılıb.
Dünən sülhməarmlılara aid bir neçə təminat maşını da maneəsiz şəkildə Laçın yolundan keçmişdi.
Xatırladaq ki, daha əvvəl erməni KİV saxta xəbərlər yayaraq azərbaycanlıların Laçın yolunu bağladıqlarını və təminat avtomobillərinin buraxılmadığını bildirirdilər.
Sadalanan faktlar onu göstərir ki, Laçın yolu humanitar məqsədlər üçün açıqdır. Bu, erməni tərəfinin təqdim etməyə çalışdığı kimi azərbaycanlı dinc etirazçıların Laçın yolunu kəsmədiyinin əyani sübutudur. Ermənilər bütün güclərini baş verənləri bu cür təqdim etməyə, diqqəti reallıqdan - mahiyyətdən yayındırmağa sərf etdilər. Mahiyyət budur ki, Azərbaycandan olan ekoloji fəallar niyə aksiya keçirirlər? Çünki ermənilər əvvəlcədən razılaşdırılmış ekoloji monitorinqi pozublar.
Etirazçılar sülhməramlılardan öhdəliklərini yerinə yetirməyi tələb edirlər. Onların Ermənistan tərəfindən tələbi isə qanunsuz mədən işlərinin aparıldığı, ölkəmizin ekosisteminə ciddi ziyan vurulan mədənlərə Azərbaycanın hökumət nümayəndələrinin və mütəxəssislərinin daxil olmasını təmin etməkdir.
Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.