Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı təqsirləndirilən Ümman Əliyevin 9 il, İlqar Əliyevin 8 il, Natiq Nuriyein 8 il, Sahilə Məmmədovanın 6 il, Elnur Eldaovun 8 il 6 ay, Ələkbər Nuriyevin 7 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
Prokuror digər təqsirləndirilən Pərvin Yusifovun barəsində olan cinayıt təqibinə xitam verilməsini istəyib.
Növbəti proses fevralın 27-də davam edəcək.
İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Tariyel Qurbanov hazırda prokurorluq orqanlarının əməkdaşı deyil. Belə ki, 2023-cü il yanvarın 16-da öz arzusu ilə Tariyel Qurbanovun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.