Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşünün yeri və tarixi hələ müəyyənləşdirilməyib.
Trend xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə deyib.
Erməni nazir müavininin sözlərinə görə, komissiyanın reqlamenti artıq təsdiq olunub və yaxın gələcəkdə yeni görüş tarixini razılaşdırmaq mümkün olacaq.
Qriqoryan, həmçinin, delimitasiyanın kifayət qədər mürəkkəb proses olduğunu və illərlə davam edə biləcəyini deyib.
"Tərəflər prosesi müstəsna şəkildə topoqrafik, peşəkar xəritələr, eləcə də, hüquqi qüvvəyə malik sənədlər əsasında icra edəcəklər", - o deyib.
Xatırladaq ki, noyabrın 30-da Qazax-İcəvan sərhəddində Azərbaycan-Ermənistan delimitasiya komissiyasının görüşü keçirilib. Görüşdə Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyasını müzakirə ediblər.
Dekabrın 14-də isə "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti" təsdiq edilib.