Bakı. Trend:
Ermənistanın Daxili İşlər Nazirliyi Kamil Zeynallının beynəlxalq axtarışa verildiyini təsdiqləyib.
Trend-in erməni KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.
O qeyd edib ki, Moskvada saxlanılan Kamil Zeynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.
“Həmin şəxs qətl ittihamı ilə dövlətlərarası axtarışa verilib”, - deyə o bildirib.
Ermənistan DİN-in iddiasına görə, Kamil Zeynallı 2-ci Qarabağ müharibəsində guya erməni qocanın başını kəsərək onu qətlə yetirib.
Qeyd edək ki, 21 fevral tarixində Moskvanın Domodedovo hava limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb. Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib. Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi Səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar. Fevralın 21-də səhər tezdən Səfirlik tərəfindən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.