Bakı. Trend:
Aprelin 29-da Baş prokuror ölkəmizdə səfərdə olan Türkiyə İnsan
Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçın rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend xəbər verir ki, Kamran Əliyev qonağı salamlayaraq,
ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin
inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb
Tayyib Ərdoğanın birgə səyləri nəticəsində ən yüksək müttəfiqlik
səviyyəsinə yüksəldiyini qeyd edib.
Baş prokuror Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı
proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi
dəstəyinə görə təşəkkürünü ifadə edib. Kamran Əliyev ölkə
rəhbərliyinin diqqət və qayğısı nəticəsində işğal dövründə
ermənilərin xalqımızın tarixi, dini və mədəni abidələrinə qarşı
törətdikləri vəhşiliklərin və onların fəsadlarının aradan
qaldırılması istiqamətində Qarabağda aparılan sürətli
quruculuq-bərpa işləri barədə qonağa məlumat verib.
Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq
islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin
müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə
məlumat verib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən Muharrem Kılıç
ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə
inkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyi
bildirib.
Görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi ilə
bağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgə
əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.