Bakı. Trend:
Azərbaycan son illər azad edilən ərazilərdə uğurlu bərpa-quruculuq işləri həyata keçirir. Biz ötən gün bunun şahidi olduq.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Mühafizə və Əsas Xidmətlər Departamentinin Silahlarla Çirklənmə Bölməsinin rəhbəri Erik Tollefsen “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” konfransında “Davamlı Ətraf Mühitin Reabilitasiyası üçün Milli Bacarıqların Yaradılması” adlı panel müzakirəsi zamanı deyib.
O qeyd edib ki, ilk dəfə minatəmizləmə fəaliyyətinin ətraf mühiti nəzərə alaraq edilməsini Azərbaycanda gördüm.
“Belə peşəkar yanaşmaya görə Azərbaycana təşəkkür edirik. Azərbaycan Qızılxaç cəmiyyəti ilə yaxın əlaqələrimiz var. Dünən azad edilən ərazilərdə gördüklərimə əsasən deyə bilərəm ki, Azərbaycandan dərs alınmalı, təcrübələri öyrənilməlidir. Minatəmizləmə işlərində yeni qurğulardan, avadanlıqlardan istifadə etməliyik. Ərazilərdə bunları görməliyik.
Ərazilərdə bunları görməliyik. Minatəmizləmənin uğurlu olmasına təsir edən faktorlardan biri də budur”, - deyə o bildirib.
Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransının ikinci günü keçirilir. Cari ilin 30-31 may tarixlərində keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının mövzusu “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması"dır.