Laçın. Trend:
Birinci dəfədir Qarabağa gəlirəm, bu, mənim üçün qürurlu anlardır.
Bunu Trend-in Laçına ezam olunmuş əməkdaşına açıqlamasında Macarıstanda Beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alan Nəsibə Mehtiyeva deyib.
"Özüm BMT-də Qarabağla bağlı müxtəlif konfranslar keçirmişəm. Türkiyədə, BƏƏ-də və s. ölkələrdə beynəlxalq tədbirlərdə iştirak etmişəm. Düşərgə çox gözəl davam edir. Buna görə dövlətimizə təşəkkür edirəm. Həmçinin ümid edirəm ki, bundan sonra biz gənclərlə müxtəlif tədbirlər keçirəcəyik. Birinci dəfədir Qarabağa gəlirəm. Bu mənim üçün qürurlu anlardır. Qarabağ gözlədiyimdən də gözəl yerlərdir. Mən diplomatiya üzrə oxuyuram. Bir müddət sonra avropada və müxtəlif ölkələrdə təcrübə qazanacam. İstəyirəm təcrübə topladıqdan sonra o təcrübədən Azərbaycanda işləməklə istifadə edim".
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi 2024-cü ilin 1-7 avqust tarixində qədim Azərbaycan torpağı Laçında keçirilir. Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, maraqlı panel və seminarlarda iştirak etmək, eləcə də əylənmək və intellektual oyunlar oynamaq imkanı qazanacaqlar. Bunlarla yanaşı, düşərgə müddətində gənclərin “İslimi” Xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, “Həkəri Balıq Təsərrüfatı”na, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşa və Qarabağın bir neçə digər şəhərlərinə səfərlərinin təşkili nəzərdə tutulur.