Bakı. Trend:
Uşaqların öyrənmə təcrübələrinin əsası ailədə qoyulur. Valideynlər yalnız birbaşa öyrətməklə deyil, digər şəxslərdən öyrəndiklərini də öz təcrübələri ilə sintez edərək, doğru olan yanaşmalardan istifadə etməklə uşaqların bu ilkin dövrdən inkişaf və öyrənmə proseslərinə öz töhfələrini vermiş olurlar.
Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq İlahə Dadaşova açıqlayıb.
Onun sözlərinə görə, valideynlərin uşaqlarına qarşı məsuliyyətləri təmizlik, qidalanma, geyinmə kimi zəruri tələbatları ilə məhdudlaşmamalıdır:
“Valideynlə övlad arasındakı qarşılıqlı əlaqə uşağın
davranışlarının formalaşmasında və müsbət davranışların
qazanılmasında mühüm rol oynayır. Bir uşağın məktəbəqədər yaşda
qazandığı davranışların əhəmiyyətli bir hissəsi, yetkinlik dövründə
şəxsiyyət quruluşu, münasibətlərini, vərdişlərini, inanclarını və
həqiqətlərini formalaşdırır. Valideyn-uşaq münasibətlərinə:
valideyn-övlad münaqişəsi, aralarındakı ünsiyyət prosesi və
valideyn-övlad əlaqəsi, bağlılığı daxildir. Valideyn-övlad
arasındakı münasibətləri daha çox psixoloji yaxınlıq, inam və
ünsiyyət kimi münasibətlər müəyyənləşdirir. Valideyn-övlad
münasibətləri yalnız valideynlə övlad arasında bioloji xarakteri
deyil, aralarındakı psixoloji və sosial münasibətləri də əhatə
edir. İkisi arasında mövcud olan davranışları, duyğuları, uşaqdan
gözləntilərinin birləşməsindən ibarətdir. Uşaqların valideynlərinin
rolları və perspektivləri, valideynlərinə qarşı hissləri və
hörmətləri barədə anlayışı uşağın həyatına əhəmiyyətli dərəcədə
təsir göstərir. Bu münasibətlər erkən uşaqlıq dövründə meydana
gələn uşaqların emosional inkişaf, özünü idarə və realizəetmə, dil
və sosial inkişaf kimi davranış quruluşlarını təsir edir.
Valideynlər uşağın ilkin sosial mühitidir, onları istiqamətləndirən
təməl institutdur. Uşaqlar ilk sosial davranışlarını valideynləri
və ailənin digər üzvləri ilə qarşılıqlı əlaqələr nəticəsində
qazanmış olurlar. Valideyn və ailədəki digər fərdlərin uşaqla
qarşılıqlı əlaqəsi uşağın ailədəki yerini və rolunu
müəyyənləşdirir, uşaqlarla davranış mexanizmlərini formalaşdırır.
Valideynlər uşağa inam hissini aşılayır və uşağın sosiumda qəbul
edilməsi üçün lazımi mühiti hazırlayır. Həmçinin, cəmiyyətdəki
digər fərqli fərdlərin qəbul edilməsi və hörmət, empatiya
duyğularının yaranmasında böyük pay sahibi olurlar”.
Psixoloq qeyd edib ki, ailə, məktəbəqədər dövrdə uşağın həyatında
təsirli bir sosiallaşma mənbəyi olaraq görülür:
“Məktəbəqədər dövrdə uşağa öyrədilən sosial təcrübələrdən savayı, praktiki nümunələr kimi uşaq ən çox ailə üzvlərinə bənzəmək istəyir və onların hərəkət və davranışlarından bir növ faydalanır. Burada doğru seçilmiş valideyn obrazının uşağın indiki və sonrakı həyatına əhəmiyyətli təsiri olur. Sosial və emosional inkişafda valideynlər uşağın emosional ifadələrini və sosial bacarıqlarını formalaşdıran və güclü şəkildə təsir edən ən vacib modellərdir. Sosial öyrənmə nəzəriyyəsinə görə, insan davranışı təkcə möhkəmləndirmə ilə deyil, həm də davranış və ətraf mühit faktorlarının qarşılıqlı təsiri ilə izah edilə bilər. Valideynlər və uşaqlar arasındakı sağlam ünsiyyət uşağın sağlam bir şəxsiyyət kimi inkişaf etməsinə kömək edir. Başqaları ilə müsbət əlaqələr qurmaq üçün əsas yaradır”.