Bakı. Trend:
Orucluq vaxtı imsak və iftar yeməyindən dərhal sonra yatmaq fizioloji baxımdan tövsiyə edilmir, çünki uzanmış vəziyyətdə mədənin boşalması ləngiyir və qastroezofageal reflüks riski artır.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, klinik müşahidələr göstərir ki, yeməkdən
sonra dərhal uzanmaq mədə turşusunun qida borusuna geri axmasına
səbəb ola bilər. Bu, yanma hissi, diskomfort və həzm pozğunluqları
ilə nəticələnə bilər. Bundan əlavə, həzm prosesinin effektiv
getməsi üçün parasimpatik aktivliyin optimal olması vacibdir və
yüngül fiziki aktivlik, məsələn, qısa müddətli gəzinti
mədə‑bağırsaq hərəkətliliyini stimullaşdırır. Ən son çıxan sınaqlar
sübut edir ki, qida qəbulundan sonra 15 dəqiqə gəzinti qanda şəkər
yüksəlməsini yarıya qədər azalda bilir”.
E.Məmmədov qeyd edib ki, oruc zamanı enerji səviyyəsini qorumaq
üçün aşağı glisemik indeksli, zülal və sağlam yağlarla zəngin
qidaların seçilməsi, kifayət qədər maye qəbulu və yeməkdən dərhal
sonra yatmaqdan çəkinmək elmi əsaslara söykənən ən effektiv
strategiyalar hesab olunur:
“Bu yanaşma həm metabolik sağlamlığı qoruyur, həm də gün ərzində fiziki və zehni performansın optimal səviyyədə qalmasına imkan verir”.
