Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın Hacıqabul rayonuna (paytaxt Bakıdan 110 kilometr aralı) yağan leysan nəticəsində yararsız hala düşən yaşayış evlərinin sayı yeddiyə çatıb.
"Qəzalı vəziyyətdə olan evlərin sayının artacağı istisna olunmur", - çərşənbə günü Trend -a Hacıqabul rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Abbasov bildirib.
Bazar günü Nəvahi və Rəncbər kəndləri ərazisində baş verən güclü yağışlar nəticəsində 300 evi su basıb. Hacıqabul rayon mərkəzinin ərazisi də su altında qalıb. Eləcə də Neftçala və Şirvan rayonlarına ciddi ziyan dəyib.
Hadisə yerində fövqaladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, həmçinin "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Etibar Priverdiyev olub. Fövqaladə hallar naziri departamentin əməkdaşlarına ən qısa müddətdə təbii fəlakətin nəticələrini aradan qaldırmağı tapşırıb. Hazırda rayonda fövqaladə hallar nazirinin müavini Etibar Mirzəyevin başçılğı altında qərargah fəaliyyət göstərir.
Rayonun kənd təsərrüfatına, xüsusilə maldarlığa ciddi ziyan dəyib. Hacıqabul rayonunun təxminən 70 faizini su basıb. Dəmir yollarının təxminən 300 metri sıradan çıxıb. Əhali arasında ölən yoxdur.
Abbasovun sözlərinə görə, yaşayış evlərinin zirzəmi və həyətlərdəki suların da nasoslar vasitəsilə çəkilməsi yekunlaşmaq üzrədir. "Hacıqabul rayon mərkəzinə elektrik enerjisinin verilməsi isə dünən axşam saatlarından bərpa olunub", - komissiya sədri əlavə edib.
Təbii fəlakət nəticəsində dəyən ziyanın miqdarına gəldikdə, Abbasov deyib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin iki komissiyası bununla bağlı araşdırma aparır. "Dəyən ziyan kifayət qədər çoxdur", - komissiya sədri vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]