Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, sentyabrın 30-na keçən gecə Sahil qəsəbə sakini Şahin Xancanova məxsus "VAZ-2106" markalı avtomobil evinin qarşısından qaçırılıb.
Avtombil elə həmin gün Ələt qəsəbəsi ərazisində saz vəziyyətdə tapılıb.
Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əmədaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Kamran Piriyev və Bəhruz Qorçiyev noyabrın 2-də tutulublar.
Məlum olub ki, Qorçiyev 2009-cu il noyabrın 9-na keçən gecə Sahil qəsəbəsində Əbülfəz Novruzova məxsus "VAZ-2106" markalı avtomobili və tanışı, əvvəllər məhkum olunmuş Vüsal Məmmədovla birlikdə isə 2009-cu il sentyabrın 3-də Sahil qəsəbəsi Balıqçılar küçəsində Kərim Kərimova məxsus "VAZ-2106" markalı avtomobili qaçırıb.
Cinayətdə şübhəli bilinən üçüncü şəxs Məmmədov da polis əməkdaşları tərəfindən yaxalanıb.