Azərbaycan, Bakı, 6 iyul, /Trend/
Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatına gorə, Az ə rbaycan təyyarəsinin Əfqanıstanda havada naməlum obyektlə toqquşması ehtimal olunur.
Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatına gorə, Əfqanıstanın hava məkanı idarəetmə xidmətindən daxil olmuş məlumata görə 06 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitə ani olaraq kəsilmişdir və radarlarda görüntüsü itmişdir. Eyni zamanda Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 km uzaqlıqda 4 km hündürlükdə havada işartı gördüyünü bildirmişdir.
Rabitə kəsilən ana qədər gəminin ekipajı tərəfindən hər hansı nasazlıq və ya qəza şəraiti barədə məlumat daxil olmadığından hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur, məlumatda bildirilir.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 05 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan İl-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib.
Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub. Gəmi kapitanı 1969-cu il təvəllüdlü 4576 saat uçuş təcrübəsi olan pilot - Kuzmin Sergey Viktoroviç olub.
Göstərilən aviasiya hadisəsinin araşdırılması üçün komissiya yaradılır və Əfqanıstan aviasiya rəhbərliyi ilə razılaşdırılaraq hadisə yerinə mütəxəssislərin uçuşu planlaşdırılır. Hadisə ilə bağlı daha ətraflı məlumat komissiyanın araşdırmalarından sonra veriləcək.