...

FHN Hacıqabul rayonunda baş verən partlayışın təfərrüatlarını açıqlayıb

Hadisə Materials 10 Avqust 2011 16:02 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabul rayonunda baş verən partlayışın təfərrüatlarını açıqlayıb.
FHN Hacıqabul rayonunda baş verən partlayışın təfərrüatlarını açıqlayıb

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabul rayonunda baş verən partlayışın təfərrüatlarını açıqlayıb.

Trend-in məlumatına görə, çərşənbə günü FHN-dən bildirilib ki, Hacıqabul rayonunda, Bakı-Qazax avtomobil yolunun 162-ci kilometrliyində (rayon mərkəzindən 50 km aralı) hərəkətdə olan maye qaz daşıyan "Kamaz" markalı yük avtomobilində yanğınla davam edən partlayış baş verib və həmin avtomobil yaxınlıqda olan "Azpetrol" yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.

Nəticədə, 1965-ci il təvəllüdlü Hacıyev Çingiz İdris oğlu və 1971-ci il təvəllüdlü Babayev Eldar həlak olub, həmin ərazidə dayanmış "Man" markalı yanacaq daşıyan avtomobilin arxa hissəsi qismən, yanacaqdoldurma məntəqəsinin 1 ədəd yanacaq doldurmaq üçün istifadə olunan aparatı, məntəqə ərazisində olan "Mercedes" markalı sərnişin avtobusu, 2 "Qaz" və 1 "Vaz" markalı minik, 1 "Qazel" və 1 "Man" markalı yük avtomobillərinin yanar hissələri yanıb, yanacaqdoldurma məntəqəsinin şüşələri qırılıb. Həmçinin, hadisə nəticəsində 22 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Nazirliyin müvafiq qüvvə və texnikası, o cümlədən 2 helikopteri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanacaqdoldurma məntəqəsinə məxsus yanacaqla dolu yeraltı çənlər, həmin ərazidə olan tikililər və digər avtomobillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 15:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Nazirliyin helikopteri vasitəsilə 4 yaralı (2 kişi və 2 qadın) Bakı şəhərinə gətirilib və xəstəxanaya yerləşdirilib. Onlardan biri - Səfərov Etibar Tofiq oğlu xəstəxanada vəfat edib.

Xəbər lenti

Xəbər lenti