...

Daxili İşlər Nazirliyi Gəncədə polis əməkdaşının silahlı insident törətməsinə aydınlıq gətirib

Hadisə Materials 15 Avqust 2011 16:35 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, hadisə polis əməkdaşının xidməti silahla ehtiyatsız davranması nəticəsində baş verib.
Daxili İşlər Nazirliyi Gəncədə polis əməkdaşının silahlı insident törətməsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi Gəncədə polis əməkdaşının törətdiyi silahlı insidentə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, hadisə polis əməkdaşının xidməti silahla ehtiyatsız davranması nəticəsində baş verib.

Zahidov deyib , dünən gecə saat 02:30 radələrində Kəpəz rayon polis şöbəsinin əməkdaşı Eldəniz Məmmədov yaxınlıqdakı binanın qarşısında dayanan avtomobilin sürücüsündən şübhələndiyi üçün digər polis əməkdaşı ilə birgə onun avtomobilinin yanına gedib.

"Eldəniz Məmmədov sürücüyə yaxınlaşmazdan qabaq xidməti silahını hazır vəziyyətə gətirib. Sürücü ilə söhbət zamanı onun təhlükəli biri olmadığı müəyyən edilib. Məmmədov xidməti silahını hazır vəziyyətdən ilkin vəziyyətə gətirmək istəyərkən silahdan atəş açılıb, güllə sürücü Rövşən Məmmədovun qolunun əzələsini yaralayıb və sonra onun arxasında dayanan polis serjantı Maarif Ələsgərin isə sağ buduna dəyib", - Zahidov bildirib.

Rəis müavininin sözlərinə görə, polis əməkdaşı hər iki yaralını xəstəxanaya aparıb, onlara lazımi tibbi yardım göstərildikdən sonra sürücü buraxılıb.

"Məndə olan məlumata görə, xəsarət alan Rövşən Məmmədov da polis əməkdaşından şikayətçi olmayıb və hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib", - nazirlik sözçüsü deyib.

Zahidov bildirib ki, Gəncə şəhər prokurorluğunda aparılan araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Gəncə şəhər prokurorunun köməkçisi Elnar Hüseynov Trend-ə bildirib ki, avqustun 15-nə keçən gecə saat 02:30 radələrində Heydər Əliyev prospektində 83 saylı binanın qarşısında Kəpəz rayon polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı, Məmmədov Eldəniz İbrahim oğlu 1984-cü il təvəllüdlü Rövşən Məmmədovu idarə etdiyi avtomobilin maqnitafonunu yüksək səslə oxutduğu üçün saxlatdırıb.

O, üstündə gəzdirdiyi "Makarov" markalı silahla Rövşən Məmmədova bir dəfə atəş açaraq ona sol qolundan xəsarət yetirib. Hadisə zamanı Məmmədovun yanında bir polis əməkdaşı da olub.

Faktla bağlı Gəncə şəhər prokuroluğunda Cinayət Məcəlləsinin vəzifə səlahiyyətini aşma - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda (309.2) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti