...

Kabul Azərbaycan təyyarəsinin "qara qutu"sunun məlumatlarını Rusiya təhvil verəndən sonra açıqlayacaq

Hadisə Materials 14 Sentyabr 2011 18:17 (UTC +04:00)
Əfqanıstan iyulda bu ölkədə qəzaya uğramış Azərbaycan təyyarəsinin "qara qutu"sunu Rusiyadan aldıqdan sonra şifri açılmış məlumatları açıqlayacaq.
Kabul Azərbaycan təyyarəsinin "qara qutu"sunun məlumatlarını Rusiya təhvil verəndən sonra açıqlayacaq

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Konyayeva/

Əfqanıstan iyulda bu ölkədə qəzaya uğramış Azərbaycan təyyarəsinin "qara qutu"sunu Rusiyadan aldıqdan sonra şifri açılmış məlumatları açıqlayacaq. Bu barədə Trend-ə Kabul hava limanının uçuşların həyata keçirilməsi şöbəsinin rəis müavini Cavad Vahabzadə deyib.

"Rusiya hələ də "qara qutu"nun məlumatlarını bizə göndərməyib. Biz məlumatları Rusiya tərəfinin təqdim etməsindən sonra açıqlayacağıq", - Vahabzadə Trend-ə telefonla Kabuldan deyib.

Onun sözlərinə görə, əfqan tərəfi Rusiyadan məlumatların təqdim olunacağı tarix barədə qənaətbəxş cavab ala bilmir. "Rusiya bizə cavab verib ki, hazırda rus ekspertlər "qara qutu"nun məlumatlarını təhlil edir", - o deyib.

2011-ci il avqustun 15-də Əfqanıstan İslam Respublikasının aviasiya nümayəndəsi tərəfindən iyulun 6-da Bəhram hava limanı yaxınlığında qəzaya uğramış Azərbaycanın "Silk Way" şirkətinə məxsus İl-76 4K-AZ55 təyyarəsinin MARS-BM göyərtə səsyazıcı cihazı Hökumətlərarası Aviasiya Komitəsinə (HAK) çatdırılıb.

Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyasının 13-cü Əlavəsinə əsasən, həmin aviaqəzanın tədqiqatı Əfqanıstan aviasiya orqanları tərəfindən HAK və əlaqədar ölkələrin səlahiyyətli nümayəndələrinin iştirakı ilə aparılır.

Əfqanıstan, Azərbaycan və Özbəkistan nümayəndələrinin iştirakı ilə HAK mütəxəssisləri tərəfindən həmin göyərtə səsyazıcı cihazı açılıb və məlumatların surəti çıxarılıb.

MARS-BM yazıcısına çox ziyan dəyib, lakin maqnit lenti salamatdır və ondakı bütün məlumatlar köçürülüb. Müəyyən edilib ki, qəza uçuşunun yazısı mövcuddur. Hazırda bu yazının dinlənməsi və ekipaj üzvlərinin danışıqlarından qeydlər aparılır. İş tamamlanandan sonra materiallar əfqan aviasiya orqanlarına tədqiqatın başa çatdırılması və yekun hesabat layihəsinin hazırlanması üçün təhvil veriləcək.

Yük təyyarəsinin göyərtəsində 9 nəfər ekipaj üzvü və ümumi hesabla 18 ton yük var idi. Bütün ekipaj üzvləri həlak olub.

Materialın hazırlanmasında T.Cəfərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti