Qazaxıstanın Almata vilayətinin İliysk rayonunun Boralday qəsəbəsində terrorçu qruplaşmanın lideri də daxil olmaqla beş nəfər üzvü zərərsizləşdirilib. Trend-in məlumatına görə, bu barədə Kazinform agentliyi Qazaxıstanın Baş prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər yayıb.
Qrup üzvləri 2011-ci il noyabrın 8-də iki polis əməkdaşını qətlə yetiriblər və Almatada yeni zorakılıq aksiyaları keçirməyi planlaşdırırdılar. Terrorçu qruplaşmanın üzvləri Boralday qəsəbəsində saxlanılma əməliyyatı zamanı silahlı müqavimət göstəriblər.
Cinayətkarların gizləndiyi evdə iki əl qumbarası, iki Kalaşnikov avtomatı və Makarov tipli tapança aşkar edilib.
Hadisə yerində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hazırda Almata şəhəri və Almata vilayətinin hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər.