Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir S.Ağayeva/
Albaniya sahillərində batmış Türkiyənin "Ədirnə" gəmisindən sağ çıxan üç azərbaycanlı dənizçinin vəziyyəti normaldır. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Yunanıstandakı, eləcə də Albaniyada akkreditə olunmuş səfirliyi XİN-in tapşırığı ilə batan gəmidə Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat meydana çıxandan dərhal sonra yerli hakimiyyətlə əlaqə saxlayıb və hazırda məsələni nəzarət altında saxlayır.
Abdullayev səfirliyin məlumatına istinadən bildirib ki, Arif Əmrahov (1991-ci il təvəllüdlü), Səfa İbrahimov (1962-ci il) və Ramil Məlikovun (1977-ci il) vəziyyəti normaldır, gəminin kapitanı Xəyyam Məmmədov (1958-ci il) itkin düşmüş hesab edilir.
Türkiyəyə məxsus "Ədirnə" tankeri yük tanklarında partlayışdan sonra yanvarın 15-də Adriatik dənizində, Albaniyanın Durres limanından 3 mil aralıda batıb. Tanker Durresdə 3000 tondan çox yanacaq yükləyib.
Albaniya sahillərində batan Türkiyənin "Ədirnə" gəmisinin itkin düşmüş ekipaj üzvlərindən ikisinin meyiti şəxsiyyətin müəyyənləşdirilməsi üçün göndərilib.
Gəminin kapitanı Azərbaycan vətəndaşı Xəyyam Məmmədovdur, Gürcüstanın iki vətəndaşı Melkaz Lazişvili (bosman) və Beka Uruşadze (matros) itkin düşənlər arasındadır. "Saygi Denizcilik"dən deyildiyi kimi, kompensasiya məsələsi gəmini sığorta edən şirkətlə birgə müzakirə olunacaq. Sığortaçının adı açıqlanmır.
İlkin məlumatlara görə, partlayışa səbəb yanacağın yüklənməsindən sonra gəminin tanklarında zərərsizləşdirmənin aparılmaması olub.
"Ədirnə" tankeri IMO 7704291, yük tutumu 4112 ton, 1980-ci il istehsalı, Syerra Leone bayrağı, operator SAYGI DENIZCILIK VE ELEKTRIK.