...

Xanlar Vəliyev: Azərbaycanın hərbi birləşmələrində ölüm faktları xeyli azalıb

Hadisə Materials 18 İyun 2012 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbəliyeva/

Azərbaycanın hərbi birləşmələrində ölüm faktları xeyli azalıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə açıqlamasında Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib.

"Çox təəssüf ki hərbi birləşmələrdə intiharlar və qəsdən adam öldürmə faktları var, ancaq statistika göstərir ki, belə faktların sayı azalmağa doğru gedir. Bütün hərbi birləşmələrdə bu qəbildən olan hadisələr ildən ilə azalır", - Vəliyev deyib.

Onun sözlərinə görə, 93-cü ildən bəri Azərbaycanda ordu quruculuğunun ən böyük nəaliyyəti ondan ibarətdir ki, Azərbaycana məxsus hərbi birləşmələrdə fərarilik, hərbi xidmətdən yayınma cinayətlərinin sayı ildən-ilə azalır. Vaxtilə bu hadisələrin sayı minlərlə, on munlərlə ölçülrdüsə, indi bu hallar ona qədər olur.

Hərbi birləşmələrdə intiharlar məsələsinə toxunan prokuror bildirib ki, nəzərə almaq lazımdır ki, hərbi hissələrin böyük əksəriyyəti təmas xəttində düşmənlə üzbə-üz yerləşir, bütövlükdə xidmət şəraiti çox ağırdır.

"Elə yerlər var ki, düşmənlə 50-100 metr məsafədədir. Qışın şaxtasında, yayın istisində əsgər hər zaman xidmətdədir. Bununla bağlı təbii ki, psixoloji gərginlik olur. Bu səbəbdən də intihar və ölüm faktları baş verir", - prokuror deyib.

O vurğulayıb ki, çox az adamlar ümumi qaydalara, dövlətin, cəmiyyətin qanunlarına diqqət yetirir.

"Əsgərlər gənclərdir, onların şıltaqlığı, dəcəlliyi nəticəsində çox ağır hadisələr baş verir. Digər tərəfdən hərbi hissələrin komandir heyətinin də müəyyən qanunsuzluqları belə hadisələrin baş verməsinə səbəb olur", - Vəliyev bildirib.

Onun sözlərinə görə, bütün hərbi birləşmələrin rəhbərləri ilə hər il ümumi tədbirlər plani hazırlanır.

"Hər bir cinayət hadisəsi ilə bağlı onun baş vermə səbəbi və halları araşdırılır. Bununla bağlı da həmin hərbi birləşmələrin tabe olduqları qrumlara təqdimatlar, geniş məlumatıar verilir. İldə iki dəfə hər birləşmələrdə ölüm halları ümumiləşdirilir və müvafiq qrumlarla həmin halların baş verməməsi üçün tədbirlər görülür", - hərbi prokuror deyib.

Xəbər lenti

Xəbər lenti