...

Sumqayıtda zavodda baş verən yanğın zamanı ölən 3 nəfərin şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB-4)

Hadisə Materials 18 Sentyabr 2012 12:59 (UTC +04:00)
Sumqayıtdakı Səthi Yuyucu Vasitələri Zavodunda baş verən partlayış nəticəsində itkin düşən bir nəfərin cəsədi aşkarlanıb.
Sumqayıtda zavodda baş verən yanğın zamanı ölən 3 nəfərin şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB-4)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir M.Əliyev, İ.İsabalyeva/

Sumqayıtdakı "Məişət Malları" Açıq Səhmdar Cəmiyyətində (keçmiş Səthi Yuyucu Vasitələri Zavodu) baş verən partlayış nəticəsində bu gün səhər cəsədi tapılan şəxsin kimliyi müəyyənləşdirilib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən çərşənbə axşamı Trend-ə deyilib ki, həmin şəxs 1962-ci il təvəllüdlü Şəkərəliyev Əbülfəz Əziz oğludur. O Qubadlı rayonundan məcburi köçkündür və Sumqayıtda məskunlaşmışdır.

Qeyd edək ki, hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən öncə Trend-ə bildirilmişdir ki, ölən digər iki şəxslərdən biri biri 1956-cı il təvəllüdlü Babayev Sabir Kərim oğlu olub. Həmin şəxs Qubadlı rayonunun Xocahan kəndindən məcburi köçkün olub. O, Sumqayıt şəhərindəki 1 saylı yataqxanada məskunlaşıb.

Digər şəxs isə 1975-cı il təvəllüdlü Piriyev Piri Xuduş oğlu olub.

Sumqayıtdakı "Məişət Malları" Açıq Səhmdar Cəmiyyətində (keçmiş Səthi Yuyucu Vasitələri Zavodu) baş verən partlayış nəticəsində itkin düşən bir nəfərin cəsədi aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

"Dünən bir nəfərin cəsədi yanğın içində olduğu üçün o, itkin kimi qeyd olunmuşdu. Bu gün səhər saatlarında onun cəsədi çıxarılıb və təhvil verilib", - Mirzəyev qeyd edib.

O deyib ki, ölənlər qaynaq işlərini aparan fəhlələr olub. Xəsarət alanlar arasında FHN-in əməkdaşları olmayıb.

FHN rəsmisi bildirib ki, ilkin ehtimala görə, yanğına ərazidə aparılan qaynaq işləri səbəb olub. Hazırda müvafiq strukturlar araşdırma aparır.

Mirzəyev deyib ki, zavodda 8 çəndən 6-sı yanıb, yanğın həyətdəki çənlərdən birində başlayıb.

Hadisə zamanı FHN-in 150 canlı qüvvəsi, 45 yanğınsöndürən maşını, 2 helikopteri cəlb edilib.

FHN-nin rəsmi saytının yaydığı məlumata görə, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində ümumi sahəsi 2400 kv.m olan "Məişət Malları" ASC-nin çənlər parkının ərazisində yanacaq və xammal saxlanılan çənlər yanıb. Ehtimala görə, yanğın qaynaq işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Yanğın bu gecə saat 03:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırma aparılır.

Trend-in Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən saat 17:28 -də Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına Məişət Malları Açıq Tipli Səhmdar Cəmiyyətində (keçmiş Yuyucu Vasitələr zavodunda) neft məhsullarının əlavə qalıqlarının yanması nəticəsində baş vermiş qəza ilə əlaqədar "102"xidmətində məlumat daxil olub. Təcili Tibbi Yardım Stansiyasının baş həkimi tərəfindən dərhal Səhiyyə şöbəsinə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Saat 17:30-da Təcili Yardım Stansiyasından ilk 2 briqada, 5 dəqiqə sonra əlavə 3 briqada, daha 8 briqada (cəmi 12 briqada) dərhal hadisə yerinə göndərilib.

Sumqayıtdakı Səthi Yuyucu Vasitələri Zavodunda baş verən partlayış nəticəsində iki nəfər ölüb, 10 nəfər isə ağır yaralanıb. Bu barədə öncə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 17-də saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən "Məişət malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində 6 ədəd yanacaq çənində yanğın baş vermiş və partlayış nəticəsində yanğın ətrafa yayılmağa başlamışdır.

Dərhal hadisə yerinə Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Sumqayıt şəhər prokurorluğunun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və helikopterləri gələrək yanğın hadisəsinin qarşısının alınması, hadisə nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanmışdır.

Xəbər lenti

Xəbər lenti