...

Suraxanı rayonunda baş vermiş ağır qətl hadisəsinə rəsmi aydınlıq gətirilib

Hadisə Materials 6 Yanvar 2013 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi 3 yanvar tarixində Suraxanı rayonunda baş vermiş ağır qətl hadisəsi ilə bağlı birgə məlumat yayıblar.

Məlumata əsasən, 3 yanvar tarixində saat 15 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi yaxınlığında, Suraxanı - Hövsan yolunun kənarında selofana bükülmüş vəziyyətdə üzərində zorakılıqla yetirilməyə xarakterik çoxsaylı deşilmiş-kəsilmiş xəsarətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə rayon Polis İdarəsinin növbətçi hissəsindən daxil olmuş məlumatla əlaqədar rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı həmin tarixdə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İlkin istintaqla müəyyən edilmişdir ki, aşkar olunan meyit 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Nelyubova Yelena Aleksandrovnadır.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Hövsan qəsəbə sakini 1954-cü il təvəllüdlü Zöhrabov Məmməd Məmməd oğlu tərəfindən törədilməsi müəyyən olunmuş və o, yanvarın 5-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Müəyyən edilmişdir ki, dekabrın 25-də gecə saatlarında Zöhrabovun Hövsan qəsəbəsində gözətçi kimi yaşadığı evə əvvəllər tanımadığı bir nəfər qadın gələrək ondan bayram münasibətilə pul istəmişdir. Pulu olmadığı üçün qadını evə dəvət edərək yaxınlıqdakı mağazadan bir butulka araq alaraq birlikdə yeyib-içdikdən sonra onunla cinsi əlaqədə olmaq istəmişdir. Bu zaman aralarında mübahisə yaranmış və qadın qışqırdığından mətbəx bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirmişdir. Qadının öldüyünü yəqin etdikdən sonra paltarlarını sobaya ataraq yandırmış, meyiti isə selofan torbaya bükərək qonşuluqda yaşayan oğluna məxsus VAZ 2109 markalı avtomobilin arxa oturacağına qoyaraq gecə saat 3-4 radələrində Suraxanı - Hövsan yolunun kənarına atmışdır.

Zöhrabovun yaşadığı gözətçi otağına və oğluna məxsus avtomobilə baxış keçirilərkən döşəmənin və avtomobilin arxa oturacağının üzərində aşkar olunmuş qanabənzər ləkələr ekspert-kriminalistin iştirakı götürülərək qablaşdırılmışdır. Həmçinin Zöhrabovun cinayətdə istifadə etdiyi bıçaq yaşadığı evin yaxınlığında aşkar edilərək maddi sübüt kimi götürülmüşdür.

Hazırda cinayətin Məmməd Zöhrabov tərəfindən tək və ya başqa şəxslərlə birlikdə törətməsi, eyni zamanda iş üçün əhəmiyyət kəsb edən digər xüsustların araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti