Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Bakının Binəqədi rayonunda 182 saylı məktəbdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı cümə axşamı Trend-ə deyib ki, V sinif şagirdi, 2002-ci il təvəllüdlü Babaşov Elmir Elnur oğlu idman dərsində mini futbol qapısından turnik kimi asılıb. Bu zaman qapının dirəyi onun başına aşıb. Başından ciddi xəsarət almış şagird dərhal xəstəxanaya aparılsa da, yolda keçinib.
Əliqızı deyib ki, BŞTİ-nin müdiri Nailə Rzaquliyeva ilə birgə hadisə yerində olublar. Şagirdin ölümünə dərindən təəssüfləndiyini deyən Əliqızı bu hadisənin baş verməsində müəllimin günahının olmadığını bildirib.
O, Elmir Babaşovun ailənin böyük oğlu olduğunu, onun kicik qardaşının həmin məktəbin II sinfində təhsil aldığını əlavə edib.